Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib
Yaşasaydı 24 yaşı tamam olacaqdı...
Mayın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhidi, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Famil Habil oğlu Əlizadənin xatirəsi anılıb.
Doğum günü mərasimində şəhidin doğmaları ilə yanaşı şəhid ailələri, qazilər, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə torpaq uğrunda canından keçən Famil Əlizadənin və bütün igid Vətən oğullarının ruhuna dualar oxunub, onlara Allahdan rəhmət, ailələrinə səbr dilənib.
Bildirilib ki, müqəddəs bayrağımızın Şuşada və digər xilas olmuş ərazilərimizdə dalğalandığı gündən şəhidlərimizin ruhu şaddır. Müstəqil Azərbaycan dövləti var olduqca onlar qəlblərdə əbədi yaşayacaq.
Şəhidin atası Habil Rəhimov dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib.
Sonra şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.
Cəsur döyüşçünün məzarı önündə çıxışlarda düşmənlərin bağrını yararaq qəhrəmanlıq tarixi yazan şəhidin həyat və döyüş yolundan danışılıb, Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərə, Famil Əlizadəyə həsr edilən şeirlər söyləyiblər.
Qeyd edək ki, Əlizadə Famil Habil oğlu 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə qəsəbədəki 3 saylı tam orta məktəbi bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin yanvarında ordudan tərxis olunub.
İkinci Vətən müharibəsi başlanan gündən cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan F.Əlizadə Füzuli rayonunun alınmasında, Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərib. Hər dəfə qızğın döyüşlərin önündə gedənlərdən olub Famil. Oktyabrın 21-də şəhidlik zirvəsinə yüksəlib.
Şəhid əsgər Famil Əlizadə subay idi. Ailədə bir bacı, iki qardaş olublar.
2020-ci ilin oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristalığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Famil Əlizadə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin vaxtilə yaşadığı küçəyə onun adı verilib.
Akif AĞAYEV