AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa bölgədə təxribatçı hücumların artırılmasına çalışır - “Kaspi”nin ŞƏRHİ

  • + A
  • - A
  • 20-05-2023, 10:27


    Fransa Ermənistana yeni hərbi attaşe təyin edib. Bu təyinatda başlıca məqsəd Ermənistan ordusunu silahlandırmaq, Azərbaycanla münaqişəni yenidən alovlandırmaqdır. Ekspertlər bildirirlər ki, Parisin bölgə üçün təhlükəli oyunu İrəvana baha başa gələcək.

    “Kaspi” qəzetinin mövzu ilə bağlı şərhini təqdim edirik:

    Fransa hökumətinin son illər xarici siyasətdə üzləşdiyi ardıcıl uğursuzluqlar, gərginliklər səngimir. Afrika, Asiyanın bir sıra ölkələrində mövqelərini itirən Fransa yarıtmaz xarici siyasətin acısını çəkməkdədir. Sözsüz ki, bu uğursuzluqlarda prezident Emmanuel Makronun rolu əvəzsizdir. Əvvəlki prezidentlər xarici siyasətdə balansı qoruyub saxlamağa üstünlük verirdilərsə, Makron dövründə buna son qoyulub. Konkret olaraq rəsmi Parisin Cənubi Qafqaz siyasətində bunun tam şahidi olduq. Fransa məhz Makronun idarəçiliyi dövründə regionda riyakar və qərəzli fəaliyyəti ilə yadda qalır. Paris 44 günlük müharibədən sonra Azərbaycan əleyhinə bədnam qətnamələr qəbul edib. Bu qətnamələr isə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini əngəlləməkdən başqa bir şey deyil və bölgədə sülhün bərpasına mane olur. Elə rəsmi Parisin Ermənistanı silahlandırmaq, erməni hərbçilərinə təlim keçmək cəhdləri də onun növbəti riyakarlığından xəbər verir. Sərhəddə yaşanan son gərginliklər də məhz Fransanın xeyir-duası ilə həyata keçirilir. Ermənipərəst dairələrin tam təsiri altında olan Makron hökuməti məğlub Ermənistanın “vəkili” kimi çıxış edir.

    Ermənistanı silahlandıran Fransa

    Beləliklə, Fransa Ermənistanı silahlandıraraq Azərbaycanla yeni müharibəyə çəkir. Bu məqsədlə İrəvandakı səfirliyinə hərbi attaşe təyinatı ilə yanaşı, Ermənistanı hərbi-texniki cəhətdən təchiz etmək kampaniyasına start verib. 44 günlük müharibədə rəzil duruma salınan erməni ordusuna strateji silahlar verməyə başlayıb. Bəllidir ki, hərbi-texniki dəstək və ya hərbi təyinatlı vasitələr erməni ordusunun güclənməsinə hesablanan prosesdir. Əslində Fransa bu yanlış addımı ilə Cənubi Qafqazda növbəti gərginlik ocağının yaranmasına rəvac verir. Brüssel formatına nəyin bahasına olursa-olsun qoşulmaq cəhdi Azərbaycan tərəfindən rədd edildikdən sonra Fransa bölgədə təxribatçı hücumların artırılmasına çalışır. Xatırladaq ki, Brüssel görüşünün əsas gündəliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinə doğru addımların atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru və itkin düşənlərin taleyi idi.

    Ümumilikdə deyə bilərik ki, Fransanın Avropa İttifaqı daxilində də nüfuzu zəifləyib. Artıq bəzi qitə ölkələri də anlayır ki, Fransanın lazımsız müdaxilələri bölgədə sülh prosesinin ziyanınadır. Götürək elə Birləşmiş Ştatları. ABŞ Ermənistana olan bütün mövcud və aşkar simpatiyalara rəğmən, Bakı və İrəvan arasında neytral vasitəçi olmağa çalışır, sağlam sülh təşəbbüsləri irəli sürür, Azərbaycanın ərazi bütövlüyündən danışır.

    Yeni erməni-fransız hərbi kanalı nəyə xidmət edir?

    Bölgədə sülh prosesinin yaranmasına əngəl olan Fransa Ermənistanla öz hərbi kommunikasiya kanalını yaratmağa da çalışır. Bunun təzahürü İrəvanda iqamətgahı olan Fransa hərbi attaşesinin mümkün təyinatıdır. Belə bir təyinat ilk baxışda kiçik görünsə də, bu, Fransanın Ermənistanla öz hərbi kanalını açmaq və bununla da sonuncunun Moskva ilə müstəsna hərbi əlaqələrinə son qoymaq istəyinin ifadəsi ola bilər. Qərb mediası yazır ki, Fransa İrəvanda yeni hərbi attaşe təyin etməyi planlaşdırmaqla Ermənistanı Qərbə yaxınlaşdırmağa çalışır, lakin regionda bu yeni rol ehtiyatla yerinə yetirilməli olacaq. Qeyd olunur ki, hazırda Fransanın Ermənistandakı attaşesinin vəzifələrini iqamətgahı Gürcüstanda yerləşən polkovnik Frederik Kampos yerinə yetirir. 2022-ci ilin aprelində o, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Mari-Aqnesin başçılıq etdiyi Fransa Müdafiə Nazirliyinin Silahlanma üzrə Baş İdarəsinin (DGA) nümayəndə heyətinin görüşündə iştirak edib. Mümkün təyinat Parisin İrəvanla ikitərəfli silahlanma komitəsinin işini bərpa etməsi ilə üst-üstə düşür. Bu qurum Ermənistan Müdafiə Nazirliyinin strateji planlarını və fransalı istehsalçılardan mümkün alışları müəyyənləşdirir. Lakin Ermənistanda Fransanın hərbi-biznes səyləri İrəvanın məhdud maliyyə imkanlarına görə çox nəticə verməyə bilər. Çünki Ermənistanın maliyyə imkanları Fransadan bahalı silahlar gətirməyə imkan vermir. Onu da qeyd edək ki, Fransanın Ermənistana ilkin mərhələdə tədarük etməyi planlaşdırdığı silahların siyahısına öldürücü silahlar da daxildir. Buradan belə nəticə çıxır ki, Aİ-nin aparıcı ölkələrindən biri öldürücü silahlardan istifadə olunmaması ilə bağlı qurumun ənənəvi yanaşmasına kökündən zidd qərar qəbul edərək, regionda qüvvələr balansında Ermənistanın xeyrinə təsir göstərməyə çalışır və bununla da Cənubi Qafqazda yeni münaqişə alovlanır. Ermənistan tərəfi də anlamaq istəmir ki, 30 il bundan əvvəl yol verdiyi səhv siyasəti təkrarlayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR