İtaliyanın baş nazirinin müavini Matteo Salyvini Ukraynanın mübahisəli «Mirotvorets» saytının fəaliyyətinə son qoyulmasını tələb etmək niyyətindədir.
Siyasətçi bu barədə Il Fatto Quotidiano nəşrinə müsahibəsində danışıb. O bildirib ki, öz adının saytın siyahısından çıxarılması kifayət deyil və bazada yer alan digər İtaliya vətəndaşlarının da adları silinməlidir.
«Bilirəm ki, adım bu terrorçu saytdan çıxarılıb. Amma bu, kifayət deyil», – deyə Salyvini bildirib.
O, Ukraynanın İtaliyadakı səfiri ilə görüşərək məsələni müzakirə edəcəyini, həmvətənlərinin adlarının siyahıdan çıxarılmasını və saytın tamamilə bağlanmasını tələb edəcəyini vurğulayıb. Salyvininin sözlərinə görə, resurs zorakılığı təşviq edir.
Məsələ son günlər İtaliyada xüsusi diqqət çəkib. Buna səbəb Salyvininin özünün də uzun illər «Mirotvorets» bazasında yer aldığını üzə çıxarması olub. Onun adı təxminən on il əvvəl Rusiyaya səfəri və rəhbərlik etdiyi «Liqa» partiyasının «Vahid Rusiya» ilə əməkdaşlıq memorandumu imzalaması səbəbindən siyahıya daxil edilmişdi.
Salyvini, həmçinin Rusiyaya qarşı sanksiyalara dəfələrlə etiraz edib, Krım və Donbasdakı referendumlar kontekstində xalqların öz müqəddəratını təyin etmək hüququnu müdafiə edib.
Noyabrın 22-də isə onun adı gözlənilmədən «Mirotvorets»in məlumat bazasından silinib. «Liqa» partiyasının nümayəndəsi bu addımı saytın Ukrayna hakimiyyət orqanları ilə əlaqəli olduğunun göstəricisi kimi qiymətləndirib.
Partiya hesab edir ki, məsələ yalnız Salyvininin adının silinməsi ilə bitməməlidir: bazadan bütün İtaliya vətəndaşlarının adları çıxarılmalı, saytın fəaliyyəti isə tamamilə dayandırılmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.