AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Nurəddin, təkcə çantan kitabla dolu olmasın, cibin də dolu olsun!”

  • + A
  • - A
  • 11-06-2023, 19:00

    “Nurəddin, təkcə çantan kitabla dolu olmasın, cibin də dolu olsun!”
    Bir də İcra Başçısı Araz müəllimin bu məclisdə əzbərdən söylədiyi “Heç bir mükafatın yetmədi mənə, bircə “sağ olun” da bəsimdir, Vətən” (M. Araz) şeiri toplantıya xüsusi şirinlik gətirdi.

    Nurəddin Ədiloğlunun 65 yaşının təntənə ilə qeyd olunmasını yəqin ki, son illər Masallıda keçirilən ən yaddaqalan məclislərdən saymaq olar.

    400 nəfərlik H. Əliyev adına Mərkəzin AKT zalındakı qonaqlar heç vaxt bölgənin bu qədər yazarını bir məkanda görməmişdi.

    Bakı, Sumqayıt, Cəlilabad, Lənkəran, Lerik, Göyçay və Masallının özündən gəlmiş 30-a yaxın tanınmış qələm sahibləri olduqca yadda qalan, yığcam çıxışları, xatirələri ilə məclisdəkilərə xoş duyğular yaşatdılar.

    Mübaliğəsiz deyək ki, icra başçısı Araz Əhmədovun məclisdə əvvəldən sona qədər iştirak etməsi, N. Ədiloğlu yaradıcılığı haqqında az qala bir yazar kimi maraqlı təhlil aparması, M. Arazdan əzbərdən bir neçə bəndlik şeir söyləməsi çoxlarını təəccübləndirdi. Şəxsən mən son onilliklərdə hər hansı masallılı rəhbərin əzbərdən şeir söyləməsin eşitməmişdim.

    Tədbirin gedişatı, rəhbərin məzarına gül qoyulması. N. Ədiloğlu haqqında 10 dəqiqəlik filmin nümayişi, ayrı-ayrı çıxışlar haqqında rayondakı saytlar, blogerlər kifayət qədər yazılarla, şəkillərlə paylaşımlar etdilər.

    Məclisdən sonrakı ziyafət, mahnılar, rəqslər, şeirlər, parodiyalar da maraqlı idi.

    Bunları yenidən sadalayıb vaxtınızı almaq istəmirəm.

    Fürsətçilik edib özümün bu məclisdə 1-2 dəqiqəlik çıxışımdan bəzi sətirləri bu yazıda sizə xatırlatmağa çalışacam.

    Çıxışımda dedim ki, bölgəmizin son onilliklərində ölkəyə bəxş etdiyi şairlər çox olsa da, nasirlərdən cəmi 4 nəfər yadda daha çox qalıb. Rəhmətlik Böyükağa Talıbzadə, Zeydulla Ağayev, Rafiq Tağı və bu gün yubileyini qeyd etdiyimiz Nurəddin Ədiloğlu.

    65 yaşlı Nurəddin Ədiloğlu ilə uzun illərdir ki, salam-əleykimiz var. Bütün yaradıcı adamlar kimi Nurəddinin də qəribəlikləri az deyil. Biz də dəfələrlə “mehriban düşmənçilik” etmişik, gah küsmüşük, gah barışmışıq. Daha nədən küsdüyümüz, nədən barışdığımız yadımdan çıxıb. Elə bu gün də onun məndə, mənim onda “həzm” edə bilmədiyimiz kifayət qədər məqamlar var.

    Onun 30-a yaxın kitabının hamısını oxumağa imkan tapmasam da, özünü kifayət qədər “oxumuşam”.

    Həyatımızda paralellər də az deyil. Rayonumuzun ilk müstəqil qəzeti “Masallı” qəzetini mən yaratsam da, onun layiqli davamçısı Nurəddin oldu. Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Ən mübariz region qəzeti” mükafatına ölkə üzrə bir neçə nəfər layiq görüldüsə onun biri Nurəddin, bir mən oldum.

    Nurəddinlə hər dəfə rastlaşanda onun əlindəki ağır çantanın öz kitabları ilə dolu olduğunu görmüşəm. Gün o gün olsun ki, bir gün onun cibini də pulla dolu görüm.

    Xatırladım ki, istər məclisin rəsmi, istər bədii hissəsində xeyli maraqlı çıxışlar oldu. Amma Alizaman Baxışın və Məmməd Əvəzoğlunun ona həsr etdiyi şeirlərin özgə dadı var idi. Nurəddinə həsr olunmuş həmin şeirlərdən bir neçə bəndi xatırlamazdan öncə, onu da deyim ki, gənc iş adamı Mübariz Qaraşovun məclisdə etdiyi parodiyalar da başqa aləm idi.



    Məmməd Əvəzoğlu

    Yenə də saldı bizi yadə, Nurəddin dostum,

    Ruhumuz gəldi əcəb dadə, Nurəddin dostum.



    Əlli ildir yaradıb yurdu tərənnüm eləyir,

    Təbi də qəlbi kimi sadə Nurəddin dostum.



    Ədiloğlu, səni xalq həm də Muğanlı tanıyır,

    Yaradırsan iki imzadə, Nurəddin dostum.



    Gələcək nəslə otuz adda kitab bəxş elədin,

    Ömrünü verməmisən badə, Nurəddin dostum.

    Altımış beş yaşını qeyd eləyir doğma diyar,

    Bu gözəl cənnəti-məvadə, Nurəddin dostum.



    Qol-qanaddır sənin ilhamına Gülmirə xanım,

    Qulluğunda durub amadə, Nurəddin dostum.



    Məhəmmədin sənə bir tazə qəzəl sovqatı var,

    O da bir damladı dəryadə, Nurəddin dostum.

    09.06.2023.



    Alzaman Baxış (ixtisarla)

    Sən bu yaşa çatıbsan

    bir qocaman dağ kimi!

    Adın var, şöhrətin var

    bar-bəhərli bağ kimi!

    ...Elə, yurda bağlısan –

    sən Azərsən, sən Nursan!

    Kökün var, qurd oğlusan!

    Bayatlı Bayandursan –

    Azərbaycan oğlusan!

    Hun soyunun Türk qolu -

    Nurəddin Ədiloğlu!

    “AzərNUR”tək möhtəşəm

    bir abidə ucaltdın!

    Bir təntənə, ehtişam,

    xariqələr yaratdın!

    Ustadlar cərgəsində

    çəkilir indi adın!

    Bir dəryasan bol sulu,

    Nurəddin Ədiloğlu!

    Sən Bağdagül nənənin

    nağıllarıyla gəldin!

    Qədim Oğuz yurdunun

    oğullarıyla gəldin!

    Şöhrətin zirvəsinə

    Muğan yolundan keçdin!

    Əbədi həyat suyun

    ANA istildən içdin!

    Beşiyin Xarmandalu –

    Nurəddin Ədiloğlu!

    Sən dünyanın hər üzün

    görüb, keçib gəlibsən!

    Keçməkeşli yollarda

    ağlayıbsan, gülübsən!

    Həyat nərdivanında

    pilləylə yüksəlibsən!

    Hər ağrıya-acıya

    dözüb sinə gərərək

    çatdın 65 yaşa!!!

    YAŞA!

    90-ı, 100-ü yaşa!

    Müdrik yaşın MÜBARƏK!

    Davam elə bu yolu!

    Nurəddin Ədiloğlu!

    Ceenub.az. Zahir Əmənov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR