Seçdiyi peşədə uğur qazanmaq istəyən hər bir şəxs iradəli olmalı, qarşıya çıxacaq çətinlikləri aşmaq üçün özünü psixoloji və fiziki baxımdan hazırlamalıdır. Bunun üçün insana təkcə işinin ustası olmaq kifayət etmir. Daim öz üzərində işləmək, yeniliklərə açıq olmaq, zirvəyə can atmaq önəmlidir. Kiçik detallara həssaslığı ilə seçilən idman fəaliyyəti ekstremal rəqabət şəraitində həyata keçirilir.
İdmançı yetişdirmək xeyli zaman və zəhmət tələb edən işdir.
Bizim də idmançıların bəzilərində belə bir xüsusiyyət var. Bir az uğur qazanan kimi, yox olurlar. Bu da acınacaqlı bir vəziyyətdir. Sən əgər, peşəkar idmançı olmaq istəyirsənsə bir işin dalınca getməlisən. Yoxsa ki, gah idmanla məşğul olum, gah da müəyyən işlərlə məşğul olum. Bu düzgün deyil. Gənclərimizə də nəsihətim budur ki, əziyyət çəkin, inanın ki, bəhrəsin görəcəksiniz.
Bir əldə təhsil və idmanı tutmağın yolları
Təhsil və idman insan şəxsiyyətinin formalaşmasında iştirak edən amillərdir. Əksər idman növlərində zəruri vərdişlərin formalaşması, fiziologiyanın adaptasiyası üçün uşaqların kiçik yaşlarından məşqlərə cəlb olunması tövsiyə edilir. Adətən uşağın idman nəticələri və maraqları irəlilədikcə təhsil göstəriciləri nəzəçarpacaq dərəcədə zəifləyir. Uşaqların erkən yaşlardan yalnız təhsilə diqqət yetirməsi və ya buna məcbur etdirilməsi fiziki inkişafa ciddi təsir göstərir. Elmi araşdırma və müşahidələr təkcə idmana üstünlük verməyin fəsadlarını da üzə çıxarmışdır.
Həyatı intensiv məşqlər və zallarla məhdudlaşan kəs həmin mühitdən kənarda dost tapmaqda çətinlik çəkə bilər. Ona görə uşağın erudisiyasını inkişaf etdirmək lazımdır ki, müxtəlif maraqlara malik insanlarla ünsiyyət qursun İnsan təbiətinə xas olan bütün nəsnələrin təməli ailədə qoyulur. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin həm konsitutsion, həm də ictimai vəzifəsidir. Araşdırmaçıların gəldiyi nəticəyə görə, uşaqların idmana yanaşması, özlərinə nümunə seçməsini valideynləri ilə münasibətləri müəyyənləşdirir. Ailə dəstəyi uşağın bacarığını dərindən qavraması və uğursuzluğun neqativ zərbələrindən minimum zərərlə yayınmasına, motivasiyaya kömək edir.
Bəzən valideynlərin təzyiqi,həmçinin bir idman karyerasının başlamadan sona çatmasına gətirib çıxarır. Bu təzyiqlər müxtəlif xarakterli ola bilər: uşağın zədələnməsindən ehtiyat etmək, dərslərinə vaxt ayırmayacağından narahatlıq, maddi çətinliklər və s. Valideynlər uşağın nəticələrinə görə məsuliyyət hiss edir, bununla özləri də psixoloji yük altına girirlər.
Güloğlan Cabbarlı
Dünya və Avropa çempionu