İyunun 15 — də Masallı şəhər Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilmişdir.
Konfransda Masallı RİH başçısı cənab Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Azadmedia.az xəbər verir ki, Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayon sakinlərini Milli Qurtuluş Günü bayramı münasibətilə təbrik edərək, ölkəmizin düçar olduğu bəlalardan dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən rəhbərliyə qayıdışından sonra qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu diqqətə çatdırıb.
Rayon rəhbəri bildirib ki, bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Məhz dünya şöhrətli siyasətçi Heydər Əliyevin qətiyyətli siyasi kursu, neft strategiyası, bütün sahələrdə həyata keçirdiyi davamlı islahatlar tezliklə ölkəmizi dünyanın aparıcı dövlətlərindən birinə çevirdi. Bu gün regionun söz sahibi dövlətinə çevrilməyimizin əsas qayəsi məhz müdrik zəka sahibi Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir. Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin direktoru İlqar Ramiz oğlu, Şərəfə kənd Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin tarix müəllimi Sərmayə Musayeva, Masallı Gənclər Evinin direktoru, Vətən müharibəsi iştirakçısı Fuad Mənsimov və başqaları o dövrün tarixi hadisələrindən, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərdən danışıblar. Natiqlər tarixi faktlara söykənərək qeyd ediblər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyuldu.
Nəzərə çatdırılıb ki, xalqın istəyi ilə 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıdan Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və sürətli inkişafın təməli qoyuldu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Tədbiri Masallı RİH başçısı cənab Araz Əhmədov yekunlaşdırıb.
Ülkər Piriyeva