İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışından ermənilərin Araz çayını və Oxçu çayını zəhərləmələri ilə bağlı çıxışını təqdim edirik: "Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Bizim vətəndaş cəmiyyətimiz bu addımı atır, çox yaxşı, amma baxmaq lazımdır, rəsmi xətlə, yəni, dövlət xətti ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin. Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim buna, əlbəttə ki, münasibətimiz ola bilməz. Onların daxili işidir. Amma əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçu çayına töküləcəksə, bu, bizim məsələmizdir. Biz buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıyıq. Ona görə bu tapşırığı verirəm, siz baxın, hansı hüquqi yollar var ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.