AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əbədiyyət işığının qırxıncı günündə və artıq “doğmalaşan” yoxluq hissi... – Cəfər Cəfərov yazır

  • + A
  • - A
  • 22-08-2023, 11:12

    Əbədiyyət işığının qırxıncı günündə və artıq “doğmalaşan” yoxluq hissi... – Cəfər Cəfərov yazır

    O, bizə görə hər şeyə qatlanmışdı – sovetlərin süqutu ilə başlayan iqtisadi böhran dövründə canından da artıq sevdiyi ailəsini, övladlarını dolandırmaq, onların maddi rifahını təmin etmək üçün doğma vətənindən ayrılıb Rusiyaya üz tutmuşdu. Bütün yaxşı atalar kimi, mənim atam da ailəsinin, övladlarının yolunda ən çətin qərarlar qəbul etməyi bacaran və bütün məsuliyyəti öz çiyinlərinə götürən, elinə, obasına layiqli bir şəxsiyyət idi...

    Qohumda, qonşuda, dostda, tanışda atasını itirən insanları görəndə, bu ataları çiynimə alıb məzara aparanda hər zaman düşünmüşəm ki, nə zamansa mən də atamı əbədiyyət işığına gedən yolda müşaiyət edəcəm. Bu fikrin, düşüncənin vahiməsi hər zaman məni bürüyər və “Yox, mən ondan daha tez dünyadan köçəcəcəyəm” düşüncəsinə qərq olardım. Amma və lakin... Atam hansını seçərdi – övlad itkisinimi, yoxsa... Cavab aydın idi – Bəlkə də o atalar xoşbəxtdir ki, övladlarının çiyinləri üzərində son mənzilinə yola salınırlar...

    Bu dünyada insanın aciz olduğu durumlar olur. Mütləq olur. Gənc olsam da, həyatda ikinci dəfə bu aqibətlə üzləşirdim. Birinci zərbəni rayonumuzun “şər və repressiya maşını” tərəfindən almışdımsa, ikinci zərbə öləcəyini bildiyim atama yardım edə bilməməyimlə bağlı idi. O, yaşamaq uğrunda mücadilə edir, mənim isə əlimdən heç nə gəlmirdi. Sanki tamaşaçıydım və dünyada ən çox sevdiyim, dəyər verdiyim insanın ömrünün bitəcəyi anı seyr edirdim. Həkimin “Biz, əlimizdən gələni edirik, lakin onu itirməyə də hazır olun” sözləri reanimasiya şöbəsində canı ilə əlləşən atamı bir daha görməyəcəyimə eyham idi.

    Əslində başa düşürdüm ki, artıq onun xilası mümkün deyil. Ancaq ümidimi itirmirdim. Tanıdığım, tanımadığım həkimlərə zəng edir, onlarla danışır, “narahat olma, sağalacaq” vədini eşitmək istəyirdim. Dünyada möcüzələr olur və mənim atam da sağalacaq, o ölməyəcək fikri bir an belə məni tərk etmirdi. “Bakıya aparım, bəlkə atamın nicatı paytaxtdadır” və bu kimi fikirlər burulğanında “Semaşko”nun baş həkiminin müavini, qonşumuz Hüseyn Novruzov, ürək-damar cərrahı, professor Rəşad Mahmudovla intensiv təmasa keçirdim. “Qanaxma kəsilənədək gözləməliyik. Bu vəziyyətdə heç yerə aparmaq, heç nə etmək olmaz” yanaşması və bu mənzərə artıq hər şeyi gözümün önündə canlandırırdı. Bəli, mən atamla vidalaşırdım.

    Məzahir Cəfərov kimdir?
    Onun 64 illik ömrü keşməkeşli olub. Çox çətinliklərə sinə gəlib. Atam olduğuna görə, demirəm, tanıyanlar da təsdiq edər - mübariz bir həyat hekayəsi vardı Məzahir Cəfərovun...
    Mən bürclərə inanıram. Oğlaq bürcü haqqında bəhs olunan ədalətli insan fenomeni elə bu bürcün tipik nümayəndəsi olan atama da şamil olunurdu. 1958-ci ilin oktyabr 1-də anadan olması rəsmi sənədlərdə öz əksini tapırdı. Elə biz də hər il oktyabr ayının ilk günü onun doğum gününü qeyd edərdik. Əslində isə atam 1959-cu ilin yanvar ayında dünyaya göz açmışdı.

    O, Böyük Vətən müharibəsinin iştirakçısı Cəbrayıl kişinin övladı idi. Babam iki dəfə yaralansa da, Berlinə kimi döyüş yolu keçib. Orden və medallarla təltif edilib. Müharibədən sonra uzun müddət meşəbəyi işləyib. Talış dağlarının Masallı rayonu ərazisinə düşən hissəsini qarış-qarış tanıyıb. Babamızın eyni vaxtda iki həyat yoldaşı olub. Mərziyyə xanımla hələ müharibədən öncə ailə həyatı qurmuşdu. Böyük Vətən müharibəsinə kimi 6 övladı olmasına baxmayaraq, uşaqların hamısı körpə ikən müxtəlif səbəblərdən vəfat etmişdi. Vəfat edən uşaqlarından birinin adı Məzahir olub. Babamızın müharibədən qayıtdıqdan sonra Mərziyyə nənədən daha iki oğlu, iki qızı olub.

    Cəbrayıl babam nənəm Bibixanımla ailə həyatı qurur və bu nikahdan beş qızı, dörd oğlu dünyaya göz açır. Tam ailənin ikinci Məzahir adlı övladı olub. Babamın qoyduğu qaydalara, nizam-intizama uyğun olaraq ailədə hər zaman mehribanlıq höküm sürüb, analardan doğmanın, övladlardan ögəyin kim olduğu heç zaman bilinməyib. Elə indi də bu qayda davam edir. Atam bölgənin tanınmış elm ocağı olan “Ağ məktəb”in şagirdi olub. Məşhur pəhləvan Nadir Ağayevin tələbəsi olub. Kəndin, rayonun qolugüclü, sözü ötkəm oğlanları ilə dostluq edib. Məktəb illərində tarix və ədəbiyyat fənninə, güləşə maraq göstərib.

    Orta məktəbin 8-ci sinifi bitirdikdən sonra peşə təhsili almaq üçün paytaxt Bakı şəhərinə yollanır. Hərbi xidmətə də Bakı şəhərindən gedir. Ailəmiz doğma Ərkivanda yaşasa da, atam ailəni dolandırmaq üçün uzun illər Rusiyanın müxtəlif şəhərlərində yaşayıb, fəaliyyət göstərib. Yaşadığı şəhərlərdə söz sahibi olub. Dostlarının, həmyerlilərinin sözlərinə görə, dəfələrlə dara düşən soydaşlarının imdadına yetişib, problemlərinin həllinə dəstək göstərib. Rusiyada yaşayan azərbaycanlıları bir araya toplayan cəmiyyətlərin, ictimai birliklərin, diaspor təşkilatlarının və.s qurulmasında, fəaliyyətində yaxından iştirak edib.

    O, iki oğul atası və beş nəvə babası idi. Xasiyyəti tünd olsa da, nəvələri ilə oynayar, mehribanlıq edərdi. Mənə babamın babasının, eyni zamanda bababımın Böyük Vətən müharibəsindən qayıtmayan qardaşı Cəfərin adını qoyublar. Kiçik qardaşıma isə Cəbrayıl babam öz adını verib.

    Atam müəllifi olduğum sənədli filmlərin, tamaşaların təqdimatına gələr, bir ata olaraq uğurlarıma sevinərdi. Onu məmnun görmək isə məni ruhlandırar, yeni layihələrin başlanmasına stimul verərdi. Həyatın bütün çətinliklərini və məhrumiyyətlərini görən, keçməkeşlərlə qarşılaşan, uzun illər yüksək qan təzyiqindən, şəkərli diabet, ürək xəstəliklərindən əziyyət çəkən atam mədə-bağırsaq qanaxmasından qurtula bilmədi. İki gün ranimasiyada gözübağlı, huşsuz yatan atam son nəfəsində bir neçə saniyəlik gözünü açdı, mənə və qardaşıma nəsə demək istəsə də, bacarmadı... Bəlkə deyəcəkdi ki, həyat davam edir... Ya nəsə özəl bir arzusu olacaqdı... Demədi, deyə bilmədi...

    Əlahəzrət mistika adamın beynini qarışdırır, magik xassəli numerologiya və yenə 13-16 iyul... Mən bu dövrdə, iyulun 15-də dünyaya göz açmışam. Dəfələrlə də bu təqvimdə gözlənilməz “sürpriz”lərlə qarşılaşmışam. 12 yaşım tamam olan günü atamın ən yaxın dostlarından olan pəhləvan cüssəli Firdovsi Cəbrayılovu, növbəti il sevimli babam Cəbrayılı, 15 yaşımın səhəri günü cənub bölgəsinin ən tanınmış seyidlərindən olan, kəramət sahibi Seyid Sadiq Ağanı, 35 yaşıma bir gün qalmış həmyerlimiz, qürurumuz, Silahlı Qüvvələrin zabiti, mayor Anar Novruzovu, şəhid mayorumuzun üçüncü ildönəmində isə atamı son mənzilə yola saldıq.

    Dəfn törəni, adına uyğun mərasimin təşkili, barışa bilməmək...
    İlk gün insan nəyin baş verdiyini anlamaqda çətinlik çəkir. Növbəti gün... Səhər açılır, adi günlərdən biriymiş kimi yuxudan oyanırsan. Adama elə gəlir ki, dünən baş verənlər yuxuydu. Və bir anlıq dərindən nəfəs alırsan: “yuxu idi, keçdi getdi” deyib təskinlik tapmağa çalışırsan. Amma… Ayılırsan ki, yox, hər şey gerçəkdi. Otaqlarda axtarırsan, həyətə düşürsən, düşünürsən ki, bəlkə bağda işləyir, ya da ağac kölgəsində oturub pürrəngi çaydan içir. Amma yoxdur və daha olmayacaq. Sonuncu ümidini də itirirsən...

    Boğazında düyünlənmiş qəhər dayanmır və göz yaşlarına çevrilir. Damla-damla gözündən süzülür. Hönkürmək istəyirsən, amma hönkürə bilmirsən. Boğulursan, nəfəsin daralır, ürəyindən gələn səslər beynində guruldayır. Bir anlıq dəli olmaq həddinə çatırsan. Bəzən şaqqanaq çəkərək, gülmək istəyirsən. Bu dərdin sənə verdiyi əzabın, iztirabın doğurduğu nəticədir. Axı bütün insanlar kimi, bütün dərdlərin də öz şıltaqlıqları, özünəməxsus təzahürləri olur. Qonaqları qarşılayırsan, təskinlik verir, ovundurursan özünü, səbrli olursan. Evin böyük oğlu olmaq da ayrı məsuliyyətdir. Ağır bir yük. Çəkməlisən, başqa yolun yoxdur. Atandan sonra sənsən. Və “atandan sonra” sözü sənin yeddi qatını yandırır. Dəhşət bundan sonra başlayır. Hər yerdə axtarmağa davam edirsən...

    O, bizi boya-başa çatdırmaq üçün hansı çətinliklərdən keçib. Bəzən fikirləşirəm və düşünürəm ki, hər atanın həyat yolundan bir roman yazmaq olar. O romanda atanın övladın üzünə dik baxmaq üçün hansı çabalardan, sıxıntılarından keçdiyini qələmə almaq, ssenariləşdirmək olar.
    Necə deyirlər: Ataları dünyadan köçəndə övladlar böyüyür. Artıq 40 gündür ki, özümü böyük


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR