Səlim Müslümov Samir Şərifov yolu gedir: mediada yazılar silinir - Müəmma
Əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Səlim Müslümov dar ayaqdadır
Keçmiş nazirin ətrafındakı halqası getdikcə daralır.
Buna görə əl-ayağa düşən S.Müslümov media emissarlarını hərəkətləndirib. Deyilir ki, sabiq nazir elektron KİV-də barəsində gedən mənfi yazıların yayımını dayandırır.
Son günlər xəbər portallarında və saytlarında eks-nazirin haqqında olan məlumatlar silinir, işıqlandırılmasının qarşısı alınır.
Belə iddialar səslənir ki, S.Müslümov həbs riski ilə üz-üzədir. Bu təhlükə sovuşana qədər emissarları mediaya minnətçi düşərək yazıları dayandırmağı xahiş edirlər.
Sabiq nazirin ayağında 2 milyard manat yeyinti olduğu və bu pulları ölkədən çıxardığı söylənir. Bu məsələ ilə bağlı sorğu-sual edilən Müslümovun mediaya işi düşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsait yoxa çıxdığı aydın olub.
Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddialara görə, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb.
Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb.
İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir.
FİA.Az xəbər verir ki, ayrı-ayrı saytlarda S.Müslümov haqda yazılar silinib. Onun adı axtarış sisteminə vurulanda yazısız səhifələr açılır.
Bir vaxtlar maliyyə naziri Samir Şərifov və Əmlak komitəsi sədri Kərəm Həsənov da eyni yolu gedirdi.
MTN işi ilə əlaqədar K.Həsənov çarmıxa çəkilmişdi, S.Şərifov da Beynəlxalq Bank işinə görə sıxışdırılmışdı.
Hər ikisi bir neçə ay mətbuatda gedən kampaniyanı dayandırmışdı və pullar xərcləmişdi. Elə ki təhlükə sovuşdu, media dəstəyi dayandı.
Qeyd edək ki, son illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ciddi artımların olmaması müntəzəm olaraq müzakirə edilir.
Belə ki, gəlirlərin artım tempinin ölkədə açılan yeni iş yerlərinin artım tempindən on dəfələrlə geri qaldığı bildirilir.
Fondun hesabatlarında sosial sığorta qeydiyyatına duranların sayında artım əksini tapsa da, gəlirlər arasında dövlət büdcəsindən ayrılan transfertlərin həcmində azalma qeydə alınmayıb.
Məntiqlə, sığorta uçotunda duranların sayı artırsa, ona mütənasib olaraq da əməkhaqqından sosial sığorta ödənişləri artmalıdır. Lakin DSMF-nin gəlirlərində qeyd olunan ödənişlərin müvafiq artımı qeydə alınmayıb.
Eyni zamanda pensiya təyinatı və ödənişi sistemi hələ də ən çox korrupsiyalaşmış sahələrdən biri kimi tanınmaqdadır. Əhalinin bununla bağlı narazılıqları kifayət qədər çoxdur.
Xatırladaq ki, DSMF-yə 2002-ci ildən bəri S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-ci illər arasında qısamüddətli dövrdə Fondun sədri Elman Mehdiyev olub.
2006-cı ildən Fond yenidən S.Müslümovun nəzarətinə keçib - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.
DSMF sistemində mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb.
Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, Fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb.