AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda dinləmə keçirilib

  • + A
  • - A
  • 4-11-2023, 18:11

    Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda dinləmə keçirilib


    Noyabrın 4-də parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına əsasən, Milli Məclisdə parlamentin komitə və komissiya rəhbərlərinin, deputatların, ekologiya və təbii sərvətlər nazirinin, kənd təsərrüfatı nazirinin, ANAMA sədrinin, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitənin rəhbərinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxıl olan Laçın rayonda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəliklərin rəhbərlərinin, Prezident Administrasiyasının və digər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçilərinin, eyni zamanda mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ”Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilib.
    Tədbiri giriş sözü ilə açan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə qaydışla bağlı ən böyük çətinlik minalanmış ərazilərin təmizlənməsidir. Təsadüfi deyil ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev BMT-nin dayanıqlı inkişaf məqsədlərinin iqtisadi, sosial və ekoloji aspektləri əhatə edən prinsipləri sırasına mina təhlükəsinin əlavə edilməsini təklif etmiş, həmçinin Qoşulmama Hərəkatında mina təhlükəsinə məruz qalmış ölkələrin həmfikirlər qrupunun yaradılması sahəsində intensiv iş aparılır. Bugünkü dinləmə cənab Prezidentin bu sahədə irəli sürdüyü tezislərin dəstəklənməsi məqsədi daşıyır.
    Sadiq Qurbanov bildirib ki, Ermənistan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri törətməklə yanaşı, regionun ekoloji təhlükəsizliyinə də ciddi zərər vurub və vurmaqda davam edir. Ermənistanın münbit torpaqlara, su hövzələrinə, atmosferə, meşə fonduna, flora və faunaya, mineral sərvətlərə və enerji mənbələrinə vurmuş olduğu zərər təkcə ölkəmizdə deyil, bütövlükdə regionda ekoloji tarazlığın pozulması ilə nəticələnib.
    Sonra Sadiq Qurbanov dinləmənin keçirilməsinə şərait yaradığı üçün Milli Məclisin sədri Sahibə Qafarovaya öz təşəkkürünü bildirib.
    Tədbirdə çıxış edən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Mina təhlükəsi ilə mübarizədə ekoloji tarazlığın qorunması”, kənd təsərrüfati naziri Məcnun Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin kənd təsərrüfatı fəaliyyətinə yaratdığı çətinliklər” mövzularında çıxış ediblər. Çıxışlarında Qarabağ və Şərqi Zəngəzura dəymiş ekoloji ziyan barədə fikirlərini bölüşən nazirlər, mina təhlükəsinin işğaldan azad olunmuş ərazilərdə başladılmış genişmiqyaslı bərpa və quruculuq işlərinə törətdiyi maneələrdən danışıblar.
    Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov “İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsinin ətraf mühitə təsiri” mövzusunda çıxış edərək, mina partlayışları zamanı yaranan plastik tullantıların ekoloji fəsadlara səbəb olduğunu, kənd təsərrüfatı üçün münbit torpaqların strukturuna mənfi təsir göstərdiyini vurğulayıb. O, minalarla çirklənmiş ərazilərin ekosistemin bir hissəsi olan insanların təkcə təmiz ekoloji şəraitdə deyil, ümumən yaşamaq hüququna da təhdidlər yaratdığını bildirib.
    BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva “Dayanıqlı inkişaf məqsədləri üçün minaların ekosistemə təsirinin aradan qaldırılması” mövzusunda nitqində mina təhlükəsi ilə mübarizə fəaliyyətinin uğuru üçün qlobal təcrübəyə əsaslanaraq, yerli, milli və beynəlxalq tərəflər arasında güclü tərəfdaşlığın vacib amillərdən olduğunu qeyd edib.
    Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı “Mina problemi və beynəlxalq səylər” mövzusunda çıxış edib. O, işğaldan azad olunmuş ərazilərimizdə ilkin hesablamalara görə, 1.5 milyon minanın yerləşdirildiyini, Ermənistanın bu günədək mina xəritələrini verməkdən boyun qaçırdığını, bunun beynəlxalq hüququn yaşamaq və hərəkət azadlığı kimi fundamental prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb.
    Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli söz alaraq, işğaldan azad olunmuş ərazilərimizdə aparılan minatəmizləmə fəaliyyətinin Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin başlatdığı Böyük Qayıdış Proqramının tərkib hissəsi olduğunu deyib, bu gün rəhbərlik etdiyi qurumla ANAMA arasında elmi-texniki sahədə səmərəli əməkdaşlığın davam etdiyini bildirib.
    Tədbirdə Milli Məclisin komitə sədrləri Hicran Hüseynova, Tahir Mirkişili, Səməd Seyidov, Tahir Rzayev, Siyavuş Novruzov, deputatlar Fatma Yıldırım, İltizam Yusifov, Mahir Abbaszadə, Soltan Məmmədov, Vüqar Bayramov, Nigar Arpadarai çıxış edərək işğaldan azad edilmiş ərazilərimizdə davam edən mina terrorunun fəsadları barədə danışıblar, onun ölkənin sosial-iqtisadi inkişafına mənfi təsirlərini müqayisəli şəkildə analiz ediblər, bu sahədə maarifləndirməyə və beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu xüsusi vurğulayıblar. Minatəmizləmə fəaliyyətlərinin həyata keçirilməsində ANAMA-nın yüksək peşəkarlığını qeyd edən çıxışçılar, xarici ölkələri və beynəlxalq təşkilatları bu fəaliyyətlərə dəstək olmağa çağırıblar.
    "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov çıxışında mina terrorunun qurbanı olmuş azərbaycanlı jurnalistlərin ölümünə beynəlxalq ictimaiyyətin biganə münasibətindən söz açıb, onları ikili standartlar nümayiş etdirməkdə günahlandırıb.
    Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən erməni işğalından azad olunmasının üçüncü ildönümü münasibətilə təbriklərini çatdırıb, ölkəsinin minalara qarşı mübarizə sahəsində Azərbaycana hərtərəfli dəstək göstərdiyini və bu dəstəyin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
    Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko da çıxışında ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirib. O, bildirib ki, Avropa İttifaqı mina təhlükəsi ilə mübarizədə Azərbaycanla əməkdaşlığa önəm verir, Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
    Sonra tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən mina təhlükəsi ilə mübarizə fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
    Tədbirdə Milli Məclisin deputatları, diplomatik korpusun, müvafiq dövlət orqanlarının və beynəlxalq qurumların nümayəndələri, Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov və digər rəsmi şəxslər iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR