Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə sıx əməkdaşlığı davam etdirəcəyini bildirib. O, hökumətin iclasında çıxışı zamanı hazırkı şəraitdə bu əməkdaşlığın dayandırılması üçün heç bir əsas görmədiklərini deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan Aİİ ilə fəal işləməyə davam edəcək və tərəflər qarşılıqlı məqbul həll yolları tapmağa çalışacaqlar. O qeyd edib ki, əks halda yaranacaq mənfi nəticələr ilk növbədə Aİİ-nin özünə təsir göstərə bilər.
Baş nazir xatırladıb ki, Ermənistan Avropa İttifaqına üzvlük istiqamətində addımlar atsa da, mümkün qədər uzun müddət bu prosesi Aİİ-də üzvlüklə paralel aparmağa çalışır. Bununla yanaşı, o, hər iki inteqrasiya platformasında eyni vaxtda iştirakın mürəkkəb olduğunu da etiraf edib.
Qeyd edək ki, mayın 29-da Astanada keçirilən Aİİ sammitində Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanı ölkənin xarici siyasət kursunu dəqiqləşdirmək üçün ümumxalq referendumu keçirməyə çağırmışdılar. Liderlər İrəvanın Aİİ-də qalmaq və ya Avropa İttifaqına üzvlük yolunu seçmək məsələsində yekun qərar verməsinin vacibliyini vurğulamışdılar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.