Erməni mətbuatının yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Ermənistana səfər edəcək. "Azadlıq" radiosunun erməni bürosu səfərin martın 4-də baş tutacağını bildirib. Ukraynanın Ermənistandakı diplomatı Valeri Lobax məlumatı nə təsdiq, nə də təkzib edib.
Səfər baş tutacağı təqdirdə, bu, Zelenskinin Ermənistana ilk səfəri olacaq. Səfir “Azadlıq” radiosunun sualına ancaq “Bahar Ermənistana müsbət hadisələr gətirəcək” deyə cavab verib.
“Əslində hazırda deyiləsi çox şey var, amma heç nə deyə bilmərəm, bir neçə gündən sonra bundan sonra nə edəcəyiniz barədə xəbər eşidəcəksiniz. Mən də öz növbəmdə deyim ki, Ukrayna Ermənistanı dəstəkləməyə hazırdır. Ölkəmiz regionun sabitləşməsi üçün hər şeyi edəcək”, - Lobax bildirib.
Ermənistan rəsmiləri də məlumatı nə təkzib, nə də təsdiq etməyib. Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Qaqik Melkonyan jurnalistlərə bildirib ki, əgər Zelenski Ermənistana gəlmək qərarına gəlibsə, o zaman onu qəbul etmək lazımdır.
Deputat Rusiyanın bu səfərə reaksiyasının maraqlı olmadığını da deyib: "Bu, onların şəxsi işidir. Bizi ancaq dövlətimizin maraqları düşündürür və yalnız ölkəmizin maraqlarını rəhbər tutmalıyıq".
Bəs Zelenski Ermənistana niyə gedir?
Əsas məqsəd Rusiyanı qıcıqlandırmaqdır...
Məsələ ilə bağlı danışan politoloq Natiq Miri bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri onun Baş nazir Nikol Paşinyanla birgə verdiyi qərardan asılı deyil:
“Bu məsələ Münhen Təhlükəsizlik Konfransında razılaşdırılıb. Ona görə ki, konfransda Avropanın yeni təhlükəsizlik arxitekturası haqqında ciddi müzakirələr getdi. Düşünürəm ki, Ukraynanın təhlükəsizliyi bu sistemdən kənarda deyil. Paralel olaraq Cənubi Qafqaz məsələsi əsas müzakirə predmeti oldu. Burada da Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması prosesi ilə bağlı yeni taktiki oyunlar ortaya çıxdı. Baş verənlər bunu tədrici təzahürüdür. İlk belə bir təzahür Nikol Paşinyanın Ermənsitana qayıdandan sonra dərhal Fransaya səfəri və Makronla razılaşdırandan sonra "France 24" telekanalına verdiyi müsahibədir. Çünki burada Rusiyaya qarşı sərt münasibətin dozası daha yuxarı səviyyəyə qaldırıldı. Burada iki açıqlama diqqəti çəkdi. Açıqlamalardan biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Ermənistan münasibətlərinin dondurulması, ikincisi isə Rusiya rəsmilərinin erməni xalqına Nikol Paşinyan hökumətini devirməklə bağlı çağırış etməsi ittihamı idi. Hər iki açıqlama Rusiyanı qıcıqlandırmağa hesablanmışdı. Buna Rusiyanın reaksiyası gecikmədi. Nikol Paşinyandan sözləri ilə bağlı açıqlama tələb olundu. Bu günə qədər heç bir cavabı görmədik. Demək əsas məsələ Rusiyanı qıcıqlandırmaq, onu Ermənistana qarşı hansısa davranışlara, təxribatlara sövq etməkdən ibarətdir. Çünki sui-qəsd, hərbi təxribat, çevriliş kimi hadisələr olduğu təqdirdə bu, Nikol Paşinyan hökumətinə həm hüquqi, həm də siyasi cəhətdən imkan yaradacaq ki, artıq Qərbin tələb etdiyi məsələləri həyata keçirsin. Məqsəd Ermənistanın Rusiyanın nüvəsi olduğu bütün təşkilatlardan imtina etməsindən ibarətdir. Ona görə də düşünürəm ki, Zelenskinin Ermənistana səfəri ilə bağlı qərar Qərb dünyası tərəfindən məhz Almaniyada verilib”.
N.Miri vurğulayıb ki, Zelenskinin Ermənistana səfəri Qərbin Rusiyaya qarşı təxribatı kimi dəyərləndirilə bilər:
“Zelenskinin Ermənistana səfəri nə Ukraynaya, nə də rəsmi İrəvana hansısa mənada kömək edəcək. Belə olan halda Zelenski niyə Ermənistana getsin? Çünki Ermənistanın Ukraynaya hərbi cəhətdən yardım etmək imkanları məhduddur. Çünki özü müharibədədir və böyük ölçüdə silahlara ehtiyacı var. Eyni məsələ Ukraynaya da aiddir. Ona görə ki Ukrayna bu gün cəbhədə Rusiya qarşısında çox çətin vəziyyətə düşüb. Deməli məsələ sadəcə olaraq Rusiyanı bu oyunun tərkibi hissəsi olaraq növbəti dəfə ciddi qıcıqlandırmaqdan ibarətdir. Burada əsas məqsəd Rusiyanın Ermənistanla bağlı ipləri qoparmasına nail olmaqdır. Belə olan halda Ermənistan çox rahatlıqla bəhanə gətirib KTMT-dən və digər qurumlardan rahat şəkildə çıxacaq. Oyun bundan ibarətdir. Ona görə Zelenskinin Ermənistana səfərini bir növ Qərbin Rusiyaya qarşı təxribatı kimi dəyərləndirmək olar”.
Ermənistanla Rusiya arasında artan gərginlik Ukraynanın maraqlarına xidmət edir...
Politoloq Elxan Şahinoğlu isə söyləyib ki, Zelenskinin Ermənistana səfəri anlaşılan deyil:
“Erməni mənbələrinin Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri edəcəyi barədə xəbəri düşündürücüdür. Rusiya ilə ağır döyüşlərin davam etdiyi günlərdə Zelenski niyə Ermənistana səfər etsin? Zelenskinin Avropa ölkələrinə və ABŞ-a səfərləri anlaşılandır, çünki bu ölkələrdən silah, hərbi texnika və maliyyə almağa ümid edir. Ermənistanda bunların heç biri yoxdur, üstəgəl Münhen Təhlükəsizlik Konfransında Volodimir Zelenski ilə baş nazir Nikol Paşinyan deyil, Azərbaycan prezidenti İlham Əliyev görüşdü və bu görüşdən iki gün sonra Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi. Zelenski bu yardımlara görə, hər zaman İlham Əliyevə minnətdar olub. Ermənistan Ukraynaya hansı həcmdə yardım göndərib? Bundan başqa Zelenski Cənubi Qafqazda artan gərginlikdən məlumatlıdır, Azərbaycanla Ermənistan sülh sazişi imzalamağa yaxın deyillər. Zelenski anlamalıdır ki, belə bir gərgin ərəfədə Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistana səfər Azərbaycanda haqlı suallar yaradacaq. Doğrudur, Volodimir Zelenskinin prezident seçiləndən sonra Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər etdiyini də unutmamaq lazımdır”.
E.Şahinoğlunun fikrincə, Volodimir Zelenskinin Ermənistana mümkün səfərini yalnız bir amillə izah etmək olar:
“Ermənistanla Rusiya arasında artan gərginlik Ukraynanın maraqlarına xidmət edir. Kiyev çox istəyərdi ki, Rusiya Ermənistana da müdaxilə etsin. Bu halda Kreml birincisi, iki cəbhədə mübarizə aparmalı olacaq, ikincisi, Ermənistanı qorumağı vəd verən Qərblə münasibətlərini daha da gərginləşdirəcək. Zelenski bu amilləri əlində rəhbəri tutaraq Ermənistana səfəri planlaşdıra bilər. Mümkündür ki, Zelenskinin Ermənistana səfər etməsini Qərb ölkələrindən biri məsləhət görüb. Ancaq bu səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Nikol Paşinyanla Kreml arasında gərginliyi daha da artıracaq ki, bu Ermənistana yaxşı heç nə vəd etmir. Volodimir Zelenski Ermənistana səfərin müsbət və mənfi tərəflərini doğru hesablamalıdır”.(Modern)