Hicran Hüseynova
Milli Məclisin Komitə sədri, professor
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana iki günlük dövlət səfəri bir çox mühüm məsələlərlə yadda qaldı.İlk növbədə qeyd etmək lazımdır ki, bizi ortaq mədəni dəyərlər, tarixi köklər bağlayır və bu xalqlar arasında əlaqələr hər zaman mövcud olmuşdur. Lakin son illər iki dövlətin həm ikitərəfli, həm də çox tərəfli qaydada münasibətləri daha da inkişaf etmişdir. Ölkələrimiz arasında normativ hüquqi bazası formalaşmışdır. Xüsusi ilə son illər bu baza da genişlənmiş və müxtəlif istiqamətləri əhatə etmişdir. Belə ki, təkcə son il yarım ərzində 40-a yaxın ikitərəfli mühüm sənədin imzalanmışdı. Qazaxıstan Prezidentinin son səfəri zamanı isə qarşılıqlı əməkdaşlığı daha da gücləndirən 10 sənəd imzalandı.
2020-ci ildən ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollara) artmışdır. Bu əlbəttə ki, çox müsbət bir dinamikadır və ölkələrimiz arasındakı münasibətlər fonunda ticarət dövriyyəsi daha da artacaqdır.
Qazaxıstanın və Azərbaycanın Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyi önəmli töhfələri xüsusi ilə qeyd etmək lazımdır. Ölkəmizə səfər etməzdən öncə prezident Kasım-Jomart Tokayev də vurğulayıb ki, Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucularıdır: "Strukturun yaradılması təşəbbüsü Qazaxıstan tərəfindən irəli sürülüb və müqavilənin özü də qədim Azərbaycan torpağında imzalanıb. O vaxtdan demək olar ki, on beş il keçib və bizim ümumi təşkilatımız institusionallaşma istiqamətində uzun bir yol keçib. Bundan başqa, beynəlxalq arenada tanınmış və nüfuzlu oyunçuya çevrilir”.
Qazaxıstan Prezidenti haqlı olaraq qeyd edir ki, TDT-nın potensialı çox böyükdür. Elə bəzi statistik göstəricilərə baxmaq kifayət edər: TDT-yə üzv olan ölkələrin ümumi ərazisi təxminən 4,5 milyon kvadratkilometrdir, ümumi daxili məhsulun həcmi (ÜDM) 1,5 trilyon dollardan çoxdur, əhalisi 160 milyon nəfərdən artıqdır. TDT çərçivəsində ticarət dövriyyəsi 42,3 milyard dollara çatıb, Türk dövlətlərinin dünya ilə ümumi ticarət dövriyyəsi isə 1,3 trilyon dollara yaxındır. Kifayət qədər iddialı rəqəmlərdir. Digər tərəfdən Təşkilata üzv dövlətləri bir-biri ilə və dünya ölkələri ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq edir, dünya iqtisadi proseslərinə inamla daxil olur, əsas beynəlxalq təşkilatlarda təmsil olunur və aktiv fəaliyyət göstərirlər. TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk İnvestisiya Fondu kimi Türk Dövlətləri Təşkilatına daxil olan digər qurumlar bütövlükdə türk xalqlarının və dövlətlərinin daha sıx birləşməsin, inkişaf etməsinə xüsusi dəstək verirlər.
Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində söylədiyi fikirləri xatırlayaq: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik”. Cənab Prezident onu da qeyd edib ki, Azərbaycanın TDT-yə üzv olan bütün dövlətlərlə qardaşlıq münasibətləri var və ölkənin siyasəti Təşkilatın möhkəmlənməsinə yönəlib: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Eyni zamanda, ötən il noyabrın sonunda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsr olunmuş sammiti xatırlatmaq məntiqlidir. Bakı və Astana təkcə ikitərəfli deyil, həm də çoxtərəfli formatlarda əməkdaşlığı inkişaf etdirir, söhbət beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətdən gedir. Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT, CICA, SPECA, MDB kimi təşkilatlarda çox geniş beynəlxalq qarşılıqlı fəaliyyət göstərir.
Azərbaycan və Qazaxıstan prezidentləri arasında şəxsi münasibətlər və təmaslar ikitərəfli əməkdaşlığın inkişaf dinamikasına və möhkəmlənməsinə müsbət təsir göstərir. Və bu kontekstdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri dövlətlərarası əlaqələrin daha da genişləndirilməsi üçün yeni konturların müəyyənləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də qazaxıstanlı həmkarı ilə birgə mətbuata açıqlamasında da qeyd etmişdir: “Biz qardaş ölkəmiz, strateji tərəfdaşımız və müttəfiqimiz olan Qazaxıstan Prezidentinin dövlət səfərinə son dərəcə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikasını qarşılıqlı səfərlərimizin xronologiyasında çox asanlıqla izləmək olar. Son il yarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, eyni zamanda Qazaxıstan Prezidenti də üçüncü dəfədir ölkəmizə səfər edib. Və bu gün fikir mübadiləsi çərçivəsində biz bu ilin sonuna kimi qarşıdan gələn səfərlər barədə də razılığa gəldik. Yəni, belə dinamik qarşılıqlı əlaqə faktının özü öz sözünü deyir. Biz təkcə ikitərəfli qarşılıqlı fəaliyyətin mühüm məsələlərini müzakirə etmirik, həm də regional məsələlərə, regionumuzun təhlükəsizlik sistemi ilə bağlı məsələlərə toxunuruq”. Prezident Qasım-Jomart Tokayev öz növbəsində iki ölkə arasında çıx əməkdaşlığın yarandığını qeyd etmişdir: “Həqiqətən də, son vaxtlar ən yüksək səviyyədə təmaslar daha tez-tez baş verir və bu, çox müsbət məqamdır. Və bu il də istisna olmayacaq. Yüksək beynəlxalq səviyyəli tədbirlərdə iştirak etmək üçün sizi ən azı iki dəfə Qazaxıstanda gözləyirik. Mən özüm də türk dövlətlərinin liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün yenidən Azərbaycana gəlməyi planlaşdırıram. Hesab edirəm ki, bu təmaslar Qazaxıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın və hətta müttəfiqliyin möhkəmlənməsi üçün çox faydalıdır”.
Dövlət başçısı həmkarına Qazaxıstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasında göstərdiyi daimi dəstəyə görə minnətdarlığını bildirib: “Bu gün biz Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərini ətraflı müzakirə etdik. Mən həmkarımı danışıqlar prosesinin hazırkı mərhələsi və sülh sazişinin imzalanması perspektivləri barədə məlumatlandırdım. Azərbaycan bunda maraqlıdır və əslində sülh müqaviləsi üzrə danışıqlar prosesinin başlanğıcını məhz Azərbaycan qoyub”. Burada Qazaxıstanın işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpasına verdiyi töhfəni qeyd etmək yerinə düşər. Bu gün dövlət başçıları işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edəcəklər. “Bura keçmiş məcburi köçkünlərin uşaqlarının orada təhsil alması ilə yanaşı, həm də dostluğumuzun, qardaşlığımızın mərkəzi olacaq. Bu, Qazaxıstanın Azərbaycana qardaş yardımıdır, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəkdir”. Martın 12-də baş tutan açılış mərasimi, Azərbaycanın tanınmış ziyalıları, adi vətəndaşlarla səmimi söhbətlər bir daha iki dost və qardaş ölkənin mehriban və strateji münasibətlərinin bariz nümunəsidir.
İqtisadi əlaqələr Azərbaycan-Qazaxıstan qarşılıqlı fəaliyyətinin mühüm tərkib hissəsidir. Bu baxımdan, tərəflərin Ali Dövlətlərarası Şuranı yaratması, onun iki prezidentin iştirakı ilə ilk iclasının dünən Bakıda baş tutması diqqət çəkir. Nəqliyyat və logistika sektorunda da hər iki ölkənin uğurları və gələcək perspektivləri göz önündədir. Prezident İlham Əliyev bununla bağlı fikirləri xüsusi olaraq diqqəti cəlb edir: “Biz bu gün ondan danışdıq ki, hazırda bütün dünyada resurslarla yanaşı, nəqliyyat və logistika imkanlarına çıxış uğrunda mübarizə də güclənir. Bu, strateji sahədir. Sevindirici haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan təbii tərəfdaş kimi burada sıx qarşılıqlı fəaliyyət göstərirlər. Bu dəmir yolu marşrutunun bugünkü mərasimi Sian limanından Qazaxıstan ərazisindən keçməklə Azərbaycana çox şey deyir. Bu, doğrudan da, çox mühüm hadisədir və mənim dövlət səfərim zamanı baş verdi. Mən buna şadam. Rəqəmsallaşma, süni intellektin yaradılması, Xəzərin dibi ilə fiber-optik kommunikasiyaların qurulması sahəsində birgə səylər göstərməkdən danışdıq. Bunlar unikal layihələrdir. Düşünürəm ki, uğur çox yaxındadır”.
Prezident İlham Əliyev vurğuladı ki, “mahiyyətcə Transxəzər nəqliyyat marşrutunu, deyərdim ki, qlobal nəqliyyat və logistika spektrində ön plana çıxaran hazırkı geosiyasi vəziyyətin möhkəm əsası var, çünki həm Qazaxıstan, həm də Azərbaycan bu prosesdə iştirak edib. Bu sahəyə əvvəlki illərdə çox investisiya qoyulmuşdu.Böyük təbii sərvətlərə malik olmağımıza baxmayaraq, biz çalışdıq və nail olduq ki, nəqliyyat infrastrukturumuz bu gün beynəlxalq standartlara tam uyğun olsun. İstər Qazaxıstanda, istərsə də Azərbaycanda dəmir yolları, hava limanları, avtomobil yolları, dəniz limanları olsun, irimiqyaslı nəqliyyat layihələri həyata keçirilib. Və bütün bunlar bu gün heç vaxt olmadığı qədər tələb olunur. Bu, bir daha hamımızı inandırır ki, hər şey vaxtında edilməli və adi gözlə görünən yaxın gələcəkdən bir qədər uzağı görməlidir. Və yalnız bundan sonra uğur qazana bilərsiniz. Ona görə də biz bu gün nəqliyyat infrastrukturuna sərmayə qoymağa başlasaydıq, yəqin ki, bu gün o potensiala sahib olmaq üçün bizə on il lazım olardı. Amma bu gün biz bu təməl üzərində nəqliyyat və tranzit imkanlarımızı genişləndirməyi, istər limanlar, istərsə də dəmir yolları, sinerji yaratmağı, vahid nəqliyyat kompleksinin yaradılmasını planlaşdırırıq ki, bu da rəqəmsallaşma ilə bağlı layihələrlə dəstəklənəcək. Burada da paralel bir kurs gedir. Həm Qazaxıstan, həm də Azərbaycan bu sahəyə çox diqqət yetirir”.
Bu il Bakı qlobal miqyasda ən mötəbər tədbirlərdən birinə - COP29 konfransına ev sahibliyi edir. Beynəlxalq arenada bir sıra mühüm aktorlar Azərbaycanın COP29-un prezidenti kimi xüsusi rol oynayacağını qeyd edirlər. Qazaxıstan Prezidenti Qlobal İqlim Sammitinin Bakıda keçirilməsini Azərbaycanın növbəti uğuru kimi qiymətləndirir. “Belə bir mühüm tədbirin Bakıda keçirilməsi çox şeydən xəbər verir. İlk növbədə, ölkənizin sosial-iqtisadi inkişafının uğurlarının, eləcə də beynəlxalq aləmdəki uğurlarının etiraf edilməsi haqqında. Həqiqətən də, istər iqtisadiyyatda, istərsə də beynəlxalq siyasətdə Azərbaycanın nüfuzu durmadan artır. Və təbii ki, Qazaxıstan COP29-un lazımi səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün müvafiq səylər göstərəcəkdir. Hər halda sizin dəvətinizlə bu tədbirdə şəxsən iştirak etməyi planlaşdırıram”.
Beləliklə, Qazaxıstan Prezidentinin Azərbaycana səfərinin gərgin proqramından göründüyü kimi - dövlət səfərinin ikitərəfli münasibətlərin ən yüksək dərəcəsini əks etdirdiyini vurğulamaq vacibdir - Bakı və Astana çoxşaxəli əməkdaşlığın daha da möhkəmlənməsinə və genişləndirilməsinə yönəlmişdir.