AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İdmançı ərini öldürən qadın cəzadan azad edildi

  • + A
  • - A
  • 21-06-2024, 14:00

    İdmançı ərini öldürən qadın cəzadan azad edildi

    “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı Məhkəmə psixiatrik ekspertizası üzrə Ekspert komissiyasının rəyinin nəticəsi açıqlanıb.

    Ekspertiza rəyində göstərilib ki, yoxlanılan şəxs Əfsanə Xəlil qızı Qalabəylidə hazırda "orta dərəcəli depressiv pozuntu, təşviş əlamətləri ilə" formasında psixi patologiya müəyyən edilib:

    "Bu pozuntu onda cinayət əməlini törətdikdən sonra yaranıb və hazırda da davam edir. Əfsanə Qalabəylinin əziyyət çəkdiyi psixi patologiya onu öz hərəkətlərini dərk etmək və onlan idarə etmək iqtidarından məhrum edir. Onun depressiv pozuntusu uzun müddət ərzində özünü göstərən və gedişində psixotik xarakterli simptomlar da müşahidə oluna bilən ciddi psixi patologiyadır. Bu psixi patologiya şəxsin özünə qarşı təhlükə kəsb etdiyi üçün stasionar şəraitdə davamlı müşahidə və müalicə aparılmasını tələb edir. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Ə.Qalabəyli hazırda öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyil".

    Daha sonra çıxış edən prokuror Cövdət Mehrəliyev ekspertiza rəyinə əsasən təqsirləndirilən şəxsin ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin tətbiq edilməsini təklif edib.

    Daha sonra Əfsanə Qalabəyli barəsində qərar elan edilib.

    Qərara əsasən, Əfsanə Qalabəyli barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilib.

    İttihama görə, 2022-ci il sentyabrın 2-də saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə Xətai Prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət işinin materiallarına əsasən, 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsilə qətlə yetirib.

    İstintaq sənədlərinə görə, Nurani Qalabəyli Əfsanə ilə birgə yaşadığı evə başqa-başqa qadınlar gətirib. Onlarla arvadının yanında intim əlaqədə olub. Hətta Əfsanəni onlara qulluq göstərməyə də məcbur edib.

    Xatırladaq ki, cinayət işi üzrə ifadə verən həmin qadınlardan biri Fidan (ad şərti verilib – red.) bildirib ki, Nuraninin hədə-qorxusu ilə həmin evə gedib və onun arvadı evdə olduğu halda cinsi əlaqəyə girib. O, həmçinin deyib ki, Nurani arvadının belə hərəkətlərinə etiraz etmədiyini söyləyib. Fidan həmçinin özünün də ailəli olduğunu söyləyib.

    Əfsanə Qalabəyli məhkəmədə verdiyi ifadəsində bildirib ki, əri illərdir ona əziyyət verib, döyür, təhqir edir, özü və uşaqları evdə ola-ola münasibətdə olduğu qadınları gətirirdi.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, onu və uşaqlarını bir otağa salıb bağlayır, digər otaqda gətirdiyi qadınla intim əlaqədə olur.

    Əfsanə Qalabəyli deyib ki, dəfələrlə ərinə xəbərdarlıq edib, uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərinə çatdırıb. Bu isə dava-dalaşla nəticələnib.

    İstintaq orqanı tərəfindən Əfsanə Qalabəylinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilib.(Teleqraf.com)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR