Azərbaycanda elə dəhşətli cinayətlər olub ki, böyük əks-səda veriblər.
“Ölkə.Az” bu gün də oxucularına belə cinayətlərlə bağlı növbəti yazını təqdim edir.
Rəfiqəsini öldürüb doğrayan qadın
Qeyd edək ki, bu il fevralın 16-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə Bakı şəhər Prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıblar. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olduğu müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarında olub. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.
Araşdırmalar nəticəsində mərhumun 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İ.Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.
İrina Qorlova Bülbülə qəsəbəsində rəfiqəsi Lyubov Rəhimovaya məxsus mənzilə qeydiyyata düşdükdən təxminən dörd ay sonra fərdi yaşayış sahəsinə mülkiyyət hüququnu ələ keçirmək məqsədilə ev sahibini öldürmək qərarına gəlib. O, bu məqsədlə fevralın 12-də gecə saatlarında rəfiqəsinin baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib. Daha sonra isə kalqotkanı boğazına keçirib var gücü ilə boğmağa başlayıb.
“Sobanın üstündə çəkici əlimə alıb ona yaxınlaşdım, bir neçə dəfə təpəsindən vurdum, ağzı üstə yerə yıxıldı. Neçə zərbə vurmağımı xatırlamıram.
Kalqotkanı boğazına keçirib var gücümlə boğdum. Öldüyünə əmin olub buraxdım. Digər otağa keçdim, səhərə kimi yata bilmədim, kitab oxudum, krossvord həll elədim. Bir daha həbsxanaya qayıtmamaq üçün cəsədi parçalayıb gizlətmək qərarına gəldim", -deyə qatil rəfiqə bildirib.
Ertəsi gün meyiti mətbəxə sürükləyən İrina cəsədin əynindəki paltarları soyundurub. Bıçaqla qarnını kəsib bağırsaqlarını çıxarıb sellofan paketə yığıb, sümüklərini ətdən ayırıb, ayaqlarını, qollarını kəsib. Ən sonda isə balta ilə başını bədənindən üzüb. Sümükləri torbaya yığaraq evin yaxınlığındakı zibil qutusuna atıb. Sümükdən ayırdığı ətlərin bir qismini xırda-xırda doğrayıb ki, unitaza axıtsın. Hətta bir ovuc ət parçasını unitaza atıb, amma trapdan su geri qayıdıb. Əti axıda bilməyəcəyini görüncə bu dəfə doğranmış ət qalıqlarını və meyitin başını torbaya qoyub:
"Axşam saatlarında cəsəd dolu torbaları taksiyə qoyub "Vorovski"yə sürdürdüm. Məhəllənin aşağısında maşını saxlatdım. Maşından düşüb sürücünün uzaqlaşmasını gözlədim. O gedəndən sonra torbaları zibil yeşiklərinə atdım. Oradan çıxıb keçmiş sevgilim Sadiqin yanına gəldim, ondan 14 manat pul aldım. Hadisə barədə heç nə demədim. Ümumiyyətlə, bu cinayətin izini itirmək istəyirdim. Buna görə də, heç kimə heç nə deməmişəm. Sadiqdən pul alıb evə qayıtdım, səhərə kimi yata bilmədim. Fevralın 16-da axşamüstü cəsədin əllərini, çəkici, baltanı, bıçağı bir torbaya yığıb zibil qutusuna atmaq istəyirdim. Amma gündüz saatlarında evə polislər gəldi, Sabina da onların yanındaydı. Lyubovun meyitinin aşkar edildiyini, artıq heç nə gizlədə bilməyəcəyimi anlayıb qətli etiraf etdim.
Məhkəmənin hökmü ilə İrina Qorlova 17 il azadlıqdan məhrum edilib.
Sevgilisi ilə birləşib ərini öldürən qadın
Hadisə 2015-ci ilin sentyabr ayında paytaxtın Yasamal rayonunda baş verib.
İstintaq zamanı müəyyən edilib ki, Məmmədov Sədi Bəhrəm oğlu, 2010-cu ildən tanış olaraq mütəmadi görüşdüyü Mahmudova Lalə Yaşar qızının əri Mahmudov Kamran Zaid oğlunun onlardan şübhələndiyini, onların görüşməsinə mane olacağını güman edib. Bu səbəbdən də L.Mahmudovanın təklifi ilə onu öldürmək qərarına gəlib...
S.Məmmədov ibtidai istintaqa ifadəsində Lalə Mahmudova ilə 2010-cu ildə tanış olduğunu deyib:
“Qohumluq əlaqəmiz yoxdur, münasibətimiz sevgi əsasında olub. Həm işgüzar, həm də intim münasibətlərdə olmuşuq. Əsasən, mehmanxanada görüşürdük. Bəzən isə əri işdə olanda məni evə dəvət edib. Biz görüşəndən sonra əri artıq Lalənin çox bəzənməsindən, çölə tez-tez çıxmasından şübhələnməyə başladı. Biz bir-birimizi sevirdik və Kamranı öldürüb, qovuşmaq istəyirdik. Bu barədə plan qurduq. Kamranı öldürüb, meyitini hissələrə bölüb İsmayıllıda basdıracaqdıq. Ondan sonra Lalə qohum-əqrəbasına Kamranın yoxa çıxması ilə bağlı məlumat verəcəkdi.
Lalə mənə Kamranın evə gəlib-getmə vaxtlarını, eləcə də ərinin nə vaxt bərk yuxuya getməsini dedi”.
Sədi Məmmədov ifadəsinə belə davam edib:
“2015-ci il sentyabr 25-də Lalə Kamranın yatmağa hazırlaşdığını və yuxuya gedəndə mənə xəbər verəcəyini dedi. Maşına oturub, onların evinin yanına gəldim. Gecə saatları idi, silah və dəmir kəsən mişarı özümlə götürmüşdüm. Lalə ərinin yuxuya getdiyini yazdı. 4-cü mərtəbə qalırdılar. Qalxdım yuxarı. Lalə Kamranın yatdığı otağı mənə göstərib, özü mətbəxə keçdi. Kamran yuxudaydı. Başına bir atəş açdım. Otaqdan çıxıb Laləyə “vsyo” dedim. Lalə mətbəxdən sellofan verdi ki, Kamranın qanı yatağa dağılmasın. Öldüyünə tam əmin olmaq üçün ikinci atəşi də açdım. Xırıltısı tam kəsildi. Bundan sonra birlikdə otağa girdik. Kamran elə əvvəlki kimi üzü üstə tərpənməz uzanıqlı idi, yastığın qırmızı rəngli üzü qana bulaşmışdı. Kamranın meyitini Lalə ilə birlikdə hamam otağına apardıq. Mətbəx bıçağı və dəmirkəsən mişarla doğradıq. Hamısını torbalara yığıb, maşına daşıdıq. Kamranın telefonlarını sındırdıq. Lalə ilə sağollaşanda tapşırdım ki, mənzili bir də nəzərdən keçirsin, birdən haradasa qan izi qala bilər, görsə, onları təmizləsin. Həmin vaxt əynində olan paltarları da bulaşmışdı. Kamranın telefonlarını sındırıb evlərinin yaxınlığında olan zibil qabına atdım Saat 9 radələrində İsmayıllıya yola düşdüm. Qardaşıma zəng vurdum ki, Bakıdan ağac gətirirəm, orda yer qazsın. Təxminən 2 saat sonra kəndə çatdım. Ağac qazılan yeri bir az genişləndirdim və meyitin doğranmış hissələrini sellofan torbalardan ayıraraq həmin yerə tökdüm. Üstünü torpaqlayıb, xırda çınqıl tökdüm, sonra ocaq qaladım ki, iz itsin. Bakıya qayıtdım. Bir dəfə Lalə ilə görüşdüm. Ona özünü şübhəli aparmamağı tapşırdım. Sentyabrın 30-u günü Yasamal polisi məni saxladı, cinayəti etiraf etdim. Polislərlə birlikdə meyiti basdırdığım yerə gəldik”.
Təqsirləndirilən Lalə Mahmudova 1997-ci ildən Bakıda tibb bacısı işlədiyini bildirib. O, Kamranla 2000-ci ildən evli olduqlarını və iki övladı olduğunu deyib:
“İlk beş il Kamranla münasibətlərimiz normal idi. Sonradan yavaş-yavaş pisləşməyə, bir-birimizdən soyumağa, qarşılıqlı narazılıqlarını bildirməyə başladıq. Kamran ailəni maddi cəhətdən normal təmin edə bilmirdi. Pulu çox olanda da xəsislik edirdi. Bundan başqa, işləməyimə etiraz edirdi. Qadın kimi mənə diqqət ayırmırdı, arabir qonaq getsək də, məni gəzməyə aparmırdı. Uzun müddətdir intim münasibətlərimiz azalmışdı, sekslə məşğul olanda da yalnız özünü fikirləşirdi”.
Lalə Mahmudova Sədi Məmmədovla tanışlığından danışıb:
“Anamın yaşadığı evin birinci mərtəbəsində atamdan qalma zərgərlik dükanımız vardı. Sədi həmin yeri icarəyə götürəndə tanış olduq. Tədricən münasibətlərimiz yaxşılaşdı. Bir müddət sonra görüşdük və intim münasibətlər başladı. Kamran tez-tez işləri ilə əlaqədar bir neçə günlüyə rayonlara gedirdi, 5-7 günlüyə Gürcüstana və Ukraynaya getdiyi vaxtlar da olub. Belə günlərdə uşaqları yuxuya verib, Sədini evə çağırırdım.
2014-cü ildən başlayaraq, Kamrana açıq şəkildə boşanmaq istədiyimi deyirdim, çünki Sədi ilə gizlin görüşməkdən yorulmuşdum. Sədi də deyirdi ki, boşansan, mən də ayrılacam, ailə qurarıq. Kamran boşanmağımızı istəmirdi. Üstəlik, həyatımda başqa birinin olmasından şübhələnirdi. Arada söz salıb deyirdi ki, belə bir şey olsa, məni öldürər. Ancaq mən Kamrana qarşı heç nə hiss eləmirdim, çünki Sədini sevirdim. Sədi mənə görə hər şeydə Kamrandan üstün idi, ideal kişiydi.
2015-ci ilin əvvəllərində Sədi ilə söhbət edəndə Kamranı öldürməyi təklif etdim, çünki Sədidən ayrı yaşaya bilmirdim. Sədi əvvəlcə təklifimə əhəmiyyət vermədi, amma sonradan razılaşdı. Dedi ki, gecə yatanda qapını açıq qoyarsan, yatağında öldürərəm. Razılaşdım. Plan belə oldu ki, Kamranı öldürüb, İsmayıllıda basdıraq, ara sakitləşəndən sonra ailə quraq.
2015-ci ilin sentyabr ayının 25-i idi. Kamran, həmişə olduğu kimi, gecə saat 2 radələrində işdən qayıtdı. Bir az oturandan sonra gedib yatdı. Sədiyə xəbər verdim. Qalxdı evə, yataq otağına keçib Kamranı odlu silahla vurdu. Meyiti hamam otağına apardıq. Sədi özü ilə gətirdiyi bıçaq və ya başqa kəsici alətlərlə cəsədi doğramağa başladı. Bu zaman uşaqlardan birinin səsi gəldi. Mən uşaqların otağına girdim. Əmin oldum ki, yatıblar.
Sədi Kamranın meyitinin hissələrini sellofanlara yığdı. Onları maşına daşıdıq. Sədi tapşırdı ki, evdəki qan izlərini silim və heç bir sübut saxlamayım. Dediklərinin hamısını yerinə yetirdim. Sabah günortaya qədər heç kimə heç nə demədim.
Məhkəmənin hökmü ilə Sədi Məmmədov 20 il,Lalə Mahmudova isə 19 il azadlıqdan məhrum edilib.
Sürücünün başını kəsdi, yanındakı qadını zorladı
Hadisə 2009-cu ilin may ayında baş verib. Tovuz rayonunun Cəlilli kənd sakini 43 yaşlı Yaşar Cəfərovun meyiti Zəyəm çayının sahilində yandırılmış vəziyyətdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində cinayətin Şəmkir rayonu Tatar kənd sakini Arif Babayev tərəfindən törədildiyi aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqın gəldiyi nəticəyə görə, 5 may 2009-cu ildə saat 16-17 radələrində Tovuz rayonu Yanıqlı kəndi ərazisində Tatar kənd sakini Arif Babayev
"Bəhrəmtəpə" adlanan yerdə "VAZ 2107" markalı avtomaşında olan Tovuz rayonu Cəlilli kənd sakini Yaşar Cəfərovun başını sonuncunun tanışı, həmin vaxt avtomobildə olan Əsmər Tanrıverdiyevanın gözü qarşısında bıçaqla kəsərək öldürüb.
Arif Babayev Yaşar Cəfərovun boğazını bıçaqla kəsdikdən sonra onun maşınında əyləşən qadını zorlayıb.
Təqsirləndirilən Arif Babayev ifadəsində bildirib:
“5 may 2009-cu ildə saat 16 radələrində otlamağa göndərdiyimiz heyvanın qabağına çıxmışdım. Zəyəm çayına çatanda həmkəndlim "Faxış" ləqəbli Fazil Alıyevin də çayın sahilində olduğunu gördüm. "Faxış" da çayın digər sahilinə öz heyvanlarının arxasınca getmək istədiyini dedi. Birlikdə çayın digər sahilə - "Bəhrəmtəpə" adlanan yerə yollandıq. "Bəhrəmtəpə" adlanan yeməkxananın qarşısındakı yolun əks tərəfinə keçib təpənin üstünə qalxdıq, iki baş inəyin otladığını və həmin yerdə "VAZ 2107"markalı avtomobilin dayandığını görüb, həmin yerə yaxınlaşdıq. Bu vaxt həmkəndlim Qabil Qasımov da həmin yerə gəldi. Biz birlikdə avtomobilə yaxınlaşıb maşında olan şəxslərin kimliyi ilə maraqlandıq.
Bu vaxt gördük ki, avtomobildə bir qadın və bir kişi var. Qabil avtomobildə olan qadının Əsmər olduğunu bildirib, çıxıb getdi. "Faxış" isə digər tərəfə-heyvanlarının arxasınca yollandı. Mən maşına yaxınlaşdıqda qadınla sürücünün arxaya uzadılmış qabaq oturacaqların üzərində biri-birini qucaqladıqları gördüm və maşının pəncərəsini əlimlə döyməyə başladım. Avtomobildə olan şəxslər mənə baxıb bir söz demədən öz işləri ilə məşğul oldular. Belə olan halda avtomobilin arxa qapısını açıb, onlardan həmin yeri tərk etməyi tələb etdim. Bu vaxt sürücü mənə baxıb, var-yox söyüşü etdi və "mən Yaşaram, mənim cipim var", - deyərək məni hədələməyə başladı.
Sürücünün bu sözlərindən qəzəblənib onun boğaz nahiyəsindən yapışdım. Qəfildən sürücünün yanındakı qız əlinə haradansa bıçaq götürüb sürücüyə tərəf uzatdı, lakin mən cəld tərpənib bıçağı onun əlindən aldım və sürücünün boğaz nahiyəsinə dirəyib onu qorxutmaq istədim. Sürücü əlini boğazına tərəf aparıb bıçağı kənarlaşdırmaq istədi, lakin bıçaq əlini kəsdiyindən yerindən sıçrayıb üstümə hücum çəkdi. Qorxumdan əlimdəki bıçağı onun boğazına çəkdim. Sürücünün boğazını kəsən kimi o, arxası üstə oturacağa uzanıb xırıldamağa başladı. Maşında olan qadından sürücünün boğazını sarımağı tələb etdim. Qadın da maşında olan dəsmal ilə sürücünün boğazını sarıdı. Bundan sonra sürücünü yaxınlıqdakı xəstəxanaya çatdırmaq məqsədi ilə avtomobilə əyləşdim, lakin maşını yerindən tərpədə bilmədim, təxminən 10-15 dəqiqə çalışdıqdan sonra avtomobili işə saldım. Avtomobillə hərəkətdə olarkən Əsmər sürücünün keçindiyini, bədəninin soyuduğunu dedi və ağlamağa başladı, xahiş etdi ki, onu yaşadığı evə aparım. Əvvəlcə razılaşdım və maşını Yanıqlı kəndinə sarı sürdüm. Lakin kəndə getməyərək Əsmərə, "sən gedirsən, bəs mən nə edəcəm?" deyərək avtomobili Zəyəm çayına doğru sürdüm. Dəmir körpünü keçib çayın kənarı ilə avtomobili idarə edərkən qəfildən avtomobil torpaq arxa düşdü və dayandı. Həmin vaxt "Xınna" dərəsi adlanan yerdə yaşayan Əvəz kimi tanıdığım şəxs bizi görüb yaxınlaşdı, nə baş verməsi ilə maraqlandı, avtomobilin içərisinə boylanıb nə məsələ olduğunu soruşdu. Ona, "elə-belə kömək et, maşını çıxardaq", - dedim və hadisə barədə heç nə bildirmədim. Avtomobili arxdan çıxartdıqdan sonra Əvəz çıxıb getdi, Əsmər isə maşından düşüb qaçmaq istədi. Ondan maşına əyləşməsini tələb etdim. Əsməri yaxınlıqdakı kolluğa apardım və onunla bir dəfə cinsi əlaqədə oldum.
Əsmərlə cinsi əlaqədə olarkən bir qədər aralıda Əvəz adlı şəxsin dayandığını görüb həmin şəxsin baş verənləri görməsindən ehtiyat edib Əsmərdən avtomobilə əyləşməsini tələb etdim. Əsmər avtomobilə əyləşdi və biz çayın sahili ilə hərəkət etməyə başladıq. Bir qədər irəlilədikdə artezan görüb avtomobili saxladım, əvvəlcə özüm düşüb ayaqyoluna getdim, sonra isə Əsmərə avtomobildən düşüb əl-ayağını yumağa icazə verdim.
Əsmər avtomobildən düşüb əl-ayağını yumağa getdi. Maşını həmin yerdən bir qədər uzaqlaşdırıb gizlətmək istədim. Avtomobili torpaqlığa sürdüm, meyiti maşından düşürüb torpaq yerə uzatdım. Maşında olan paltarları meyitin ayaqları arasına qoyub üzərinə 1 litr yanacaq tökdüm və yandırdım. Bu vaxt gördüm ki, Əsmər qaçır. Onun arxasınca getmək istədim, lakin sonra fikrimdən daşındım”.
Məhkəmənin hökmü ilə Arif Babayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
15 yaşlı qızını öldürən ata
Ağdam rayon sakini, 15 yaşlı Aygün Cabbarova bibisi, 56 yaşlı Zəhra Əliyarovanın Abşeron rayonu Xırdalan şəhərindəki evindən kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.
Dərhal araşdırmalara başlayan Abşeron rayon polis əməliyyatçılarına ilk olaraq yeniyetmə qızın özünü öldürdüyü barədə məlumat verilib.
Deyilənlərə şübhə ilə yanaşan polis əməkdaşları araşdırmalarını davam etdiriblər.
Sonradan məlum olub ki, Aygün Cabbarovanı qısqanclıq zəmnində atası, 52 yaşlı Nəsib Cabbarov bıçaqla qətlə yetirib. Qatil ata saxlanılıb. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.
Təxminən 3 ay bundan əvvəl müalicə üçün qızı ilə birlikdə Ağdam rayonundan Xırdalan şəhərinə, bacısının evinə gəldiyini deyən Nəsib Cabbarov bir müddət burda qalmalı olub.
Bacısının kürəkənindən qızı haqqında xoşagəlməz sözlər eşitdikdə, qəzəbinə sahib çıxa bilməyən ata bıçağa əl atıb.
O, yatmış vəziyyətdə olan 15 yaşlı qızının ürək nahiyyəsindən iki dəfə xəsarət yetirib və onu öldürüb:
“Səhər saat 8 idi. Bıçaq elə şkafın qabağındaydı. Bıçağı götürdüm və onu vurdum. O biri böyük qızım Suqra gördü. İkimərtəbəli kravatdı, o yuxarıda yatmışdı. Düşdü ki, ay ata vurma, ay ata vurma. Da mən də vurdum”.
Aygünün əlaçı şagird olduğunu deyən atası, onu öldürdüyünə sonradan peşman olub:
“Nə deyim, səhv eləmişəm də. Vurmuşam. Onsuz da bilirəm ki, axırı ölümdü. Öləcəm. Mənim 52 yaşım var. İnnən sonra mən nə qədər yaşıyacam ki?
Məhkəmənin hökmü ilə Nəsib Cabbarov 17 il azadlıqdan məhrum edilib.Qayınatasının evinə əl qumbarası atan yeznə
Hadisə 2014-cü ilin oktyabr ayında Goranboy rayonunda baş verib.
Kənd sakini Rafiq Hüseynov ailə münaqişəsi zəminində 7 nəfəri qətlə yetirib. İlkin məlumata görə, hadisəyə səbəb Rafiq Hüseynovun 2-ci həyat yoldaşı Südabə Məmmədovanın yas mərasimində əmisi oğlu ilə görüşməsi olub. Bundan hiddətlənən ərlə arvad arasında münaqişə yaranıb və Südabə Məmmədova atası evinə gəlib. Arvadını geri qaytara bilməyən Rafiq Hüseynov qayınanasının evinə gələrək ilkin olaraq qayınları Natiq və Namiq Məmmədovları ov tüfəngi ilə vurub. Yan otaqdan səs-küyə gələnləri görən Rafiq Hüseynov otağa F1 əl qumbarası atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub.
Rafiq Hüseynov Ömürlük azadlıqdan məhrum edilib.
Ardı var....