“Boyunlar” kriminal qruplaşmasının rəhbərlərindən biri Azərbaycanda saxlanılıb
]
Türkiyədə 48 iş üzrə barəsində həbs qərarı olan Mehmet Recep Demir Azərbaycanda tutulub.
Bu barədə Anadolu Agentliyi və Türkiyənin digər media qurumları rəsmi dövlət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, bir neçə ay əvvəl Demirin Azərbaycana gizli yollarla keçdiyi barədə məlumatlar yayılıb. Daha sonra onun guya silahlı hücum nəticəsində öldürüldüyü barədə xəbərlər dərc edilib. Hazırda həmin məlumatların təqiblərdən yayınmaq məqsədilə qəsdən yayıldığı məlum olub.
Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat tədbirləri nəticəsində Mehmet Recep Demirin Azərbaycanda gizləndiyi müəyyən edilib və o, həbs olunub. Məhkəmənin qərarı ilə DTX-nin istintaq təcridxanasında saxlanılır.
Türkiyənin hüquq-mühafizə orqanları Avropa və Asiyada fəaliyyət göstərən “Boyunlar” və ondan ayrılan “Daltonlar” kriminal təşkilatları ilə bağlı istintaq aparır.
Məlumata görə, Türkiyə Baş Prokurorluğu Demirin ekstradisiyası ilə bağlı sorğu hazırlayaraq Azərbaycanın məhkəmə-hüquq orqanlarına göndərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.