Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb. Hazırda ibtidai araşdırma intensiv davam etdirilir.
Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcəkdir.
Hərbi Prokurorluğunun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.