Şabranda təhlükə - Sakinlərə çadırlar verildi
Şabran rayonunun Qazbablı kəndində torpaq sürüşməsi aktivləşib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzalı vəziyyətdə olan 5 evdən 3-ü tamamilə çöküb. Kənd sakini Abdulla Əliyev bildirib ki, ona məxsus ev 5 gün öncə dağılıb. Onun sözlərinə görə, kənddə digər evlərdə də çatlar əmələ gəlib.
Evləri çökən və qəzalı vəziyyətə düşən sakinlərə müvəqqəti yaşamaq üçün çadırlar paylanılıb.
Qeyd edək ki, ərazidə sürüşmə prosesi bu il fevralın 23-dən 24-ə keçən gecə başlayıb. Hadisə nəticəsində 5 ev yararsız vəziyyətə düşüb. 30 hektar ərazini əhatə edən təbii fəlakət zamanı xəsarət alan olmasa da, sakinlərin təsərrüfatlarına ziyan dəyib.
Aidiyyəti qurumların əməkdaşları sürüşmə baş verən əraziyə baxış keçirib. Evlərə dəymiş ziyanla bağlı akt tərtib olunub.
Qazbabalı kəndi rayon mərkəzindən 12 kilometr məsafədə yerləşir. Kənddə 70-ə yaxın ev var.