Sumqayıtda 119 uşağı “Azərsu” zəhərləyib? - Su panikası Bakıya çatdı + Video
[b]Bir neçə gündür ki, Sumqayıtda uşaqlar arasında yayılan kütləvi zəhərlənmə panikaya səbəb olub
Bu saata qədər 119 uşaq xəstəxanaya yerləşdirilib.
Ancaq rəsmi qurumlar bu zəhərlənmənin səbəbləri barəsində susurlar. Ehtimal olunur ki, uşaqlarda yayılan mədə-bağırsaq infeksiyası Ceyranbatan su anbarından verilən içməli sudan keçib. Hətta sosial şəbəkələrdə daha həyəcanlı xəbərlər yayılmaqdadır.
Jurnalist Şahvələd Çobanoğlu Feysbukda yazıb ki, bu zəhərlənmənin Bakıya da keçdiyi barədə xəbərlər var. Şakir Məmmədov adlı şəxs isə qeyd edib ki, Sumqayıtda halsızlıq, başağrısı halları kütləviləşib.
Aynur İslamova isə şok iddia ilə çıcış edib: “Azərsu”da işləyən biri mənə demişdi ki, su xlorlandıqdan sonra ən azı 4 gün saxlanmalı və şəbəkəyə vurulmalıdır.
Amma “Azərsu” Ceyranbatanda suyu xlorladıqdan sonra çox az zaman içərisində şəbəkəyə yönləndirir. Bu da suda olan bağırsaq çöpü, bir çox bakteriyaların aktiv şəkildə yayılmasına səbəb olur”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev bildirib ki, son üç gün ərzində Saray, Masazır, Corat, Hacı Zeynalabdin Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir.
Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Artıq uşaqlardan 65 nəfəri evə buraxılıb. Hazırda Mərkəzin əməkdaşları uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürürlər. Laborator müayinələr aparılacaq.
Lakin suda olan infeksiyanın haradan qaynaqlandığı, necə düşdüyü məlum deyil. Bunun bir təxribat olduğu müəmması da var. “Azərsu” ASC-dən məsələ ilə bağlı açıqlama verilməyib. (AzPolitika.info)