Yevlax rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə fevralın 21-də saat 13 radələrində Yevlax rayonun Qaraoğlan kəndi ərazisində 1983-cü il təvəllüdlü Səfərov Xəyal Qəmbər oğlunun uzarinda “odlu silah yarası” xəsarəti olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Qorxmaz Həsənəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Xəyal Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Qorxmaz Həsənəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.