Azərbaycanda burunda çəpər əyriliyi əməliyyatı etdirən 34 yaşlı gənc ana həkim səhlənkarlığının qurbanı olub. Belə ki, yanvarın 18-də çəpər əyriliyi əməliyyatı etdirən iki uşaq anası Əliyeva Günay Süleyman qızı əməliyyatdan 3 gün sonra dünyasını dəyişib. Yaxınları Günay Əliyevanın ölümünə səbəb kimi "Elmed" Tibb Mərkəzinin həkimi, otolarinqoloq (LOR) Natavan Əliyevanın məsuliyyətsizliyini və əvvəlcədən heç bir müayinə aparmadan, analiz etmədən yalnış əməliyyat etməsində görürlər.
Azadmedia.az xəbər verir ki, Sonxeber.az saytına müraciət edən Səhərnaz İsmayılova bildirib ki, qızının əməliyyatdan öncə heç bir problemi olmayıb:
"Qızım 10 yaşlı oğlunu müayinə üçün "Elmed" Tibb Mərkəzinə aparan zaman özünün də nəfəs almasında problem olduğunu bildirib. Bu zaman həkim Natavan Əliyeva onun da əməliyyat oluna biləcəyini qeyd edib. Yanvarın 18-də Natavan Əliyeva qızımı əməliyyat olunması üçün klinikaya çağırıb. Heç bir analiz götürmədən, hər hansı bir xəstəliyinin olub-olmadığını yoxlamadan, birbaşa əməliyyata qaldırıb. Həkim Günaya elə əməliyyat olunduğu günün axşamı çıxa biləcəyini söyləsə də, qızımı klinikada saxlayıb. Səbəb kimi də bunun tədbir xarakterli olduğunu söyləyib. Axşam Günayın səhhəti ağırlaşsa da, bizə heç bir məlumat verilməyib. Sonradan bilmişik ki, vurulan qanın tərkibi yoxlanılmayıb. Səhəri günü Natavan Əliyeva qızımın vəziyyətinin ağır olduğunu və "Elmed" Tibb Mərkəzində reanimasiya üçün heç bir şəraitin olmadığını, məhz buna görə Günayı başqa xəstəxanaya köçürməli olduğumuzu bildirib. Həmin gün Natavan Əliyeva 29 dəqiqə ərzində qızıma saxta "COVİD-19" testi etdirərək Günayın koronavirusa yoluxduğunu söyləyib. Məqsəd də məsuliyyəti öz üzərindən atmaq olub. Maraqlıdır ki, qızım əgər koronavirusa yoluxubsa, Natavan Əliyeva heç analiz götürmədən onu necə əməliyyat edib?"
Səhərnaz İsmayılova vurğulayıb ki, Natavan Əliyevanın çıxardığı saxta koronavirus testi Günayı normal şəraiti olan xəstəxanaya köçürməyə mane olub:
"Sonradan Natavan Əliyeva əlbir olduğu Bayram Qorçiyevlə danışıb razılaşaraq Günayı "Baku City Hospital"a köçürməyimizi təklif etdi. Saxta koronavirus testinə görə bizim Günayı "Baku City Hospital"a köçürməkdən başqa çıxış yolumuz qalmadı. "Baku City Hospital" da Günayı heç bir müayinədən keçirmədən və digər klinikadakı əməliyyat sənədlərini istəmədən xəstəxanaya qəbul etdi. Günayı reanimasiyaya yerləşdirib, onun vəziyyətinin stabil olduğunu söylədilər. Həmin gecə Günay bizimlə əlaqə saxlayaraq, yaxşı olduğunu bildirdi. Amma səhər "Baku City Hospital"dan bizə zəng edərək qızımın vəziyyətinin ağırlaşdığını və bütün daxili orqanlarının sıradan çıxdığını söylədilər. Guya Günay ağır koronavirus xəstəsidir. Bayram Qorçiyev qızımın sıradan çıxan daxili orqanlarının yenisi ilə əvəzlənməsi üçün 300 min manat pul istədi. Biz qızımın həyatda qalması üçün hər şeyə razı olduğumuzu bildirdik. Amma Bayram Qorçiyev qızımın ağ ciyərlərini müayinə edən zamanı 75 faiz buzlaşma olduğunu dedi. Bundan sonra Bayram Qoçiyev bizə Günayı buradan çıxarıb, başqa xəstəxanaya aparmağımızı istədi. Biz də əlacsız qalıb yanvarın 20-si axşam saatlarında Günayı "Yeni Klinika"ya yerləşdirməli olduq. "Yeni Klinika"dan bizə Günayın koronavirusa yoluxmadığını və onun səhhətinin ağırlaşmasının başqa problemlə əlaqədar olduğunu bildirdilər.
Qızım yanvarın 21-i səhər saatlarında dünyasını dəyişdi. Qızımın ölüm sənədində belə, onun koronavirusdan deyil, böyrək çatışmazlığından dünyasını dəyişdiyi qeyd edilib. Təsəvvür edin ki, "Baku City Hospital"a Günayı köçürən zaman puldan ötrü onu bir müddət ağır vəziyyətdə təcili tibbi yardım maşınında saxladılar".
Qızını həkim səhlənkarlığı ucbatından itirən Səhərnaz İsmayılova Günayın ölümündə birbaşa Natavan Əliyevanın, onunla əlbir olan Bayram Qorçiyevin və onların çalışdığı klinikaların günahkar olduğunu söyləyib:
"Qızımın iki azyaşlı övladı bu cür məsuliyyətsiz həkimlərin səhlənkarlığı və savadsızlığına görə anasız qalıb. Analarını vaxtsız itirən nəvələrim hələ də özünə gələ bilmir və hazırda psixoloji dəstək alırlar. Qızımın ölümünə səbəb olan bu "qəssab" həkimlərin cəzalandırılması üçün, ilk olaraq, cənab Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə müraciət edir və bizim işimizə obyektiv baxılmasını xahiş edirik.
Hazırda qızımın ölümü ilə bağlı məhkəməyə müraciət etmişik. Natavan Əliyeva və onun klinikası, habelə "Baku City Hospital" müxtəlif yollarla məhkəmənin məsələyə obyektiv baxmasına maneələr törədir, qızımın öncədən müayinə olunması ilə bağlı saxta sənədlər təqdim edirlər. Halbuki qızım əməliyyata girən zaman heç bir müayinədən keçməyib. Mən, gözüyaşlı bir ana kimi, bütün səlahiyyətli orqanlardan məsələyə diqqət göstərilməsini, bu işə ədalətlə baxılmasını və iki körpəni anasız buraxan Natavan Əliyevaya layiq olduğu cəzanın verilməsini xahiş edirəm".
Qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.