Ağstafada 517 ədəd partlamamış hərbi sursat aşkar edildi — FOTO
Ağstafa rayonunda 517 ədəd partlamamış hərbi sursat aşkar edilib.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Ölkə.Az"a verilən xəbərə görə, yanvarın 26-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində silah-sursatın tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin tarixdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Torpağın altında digər sursatların olmasını, hava şəraitinin yağıntılı və küləkli olmasını nəzərə alaraq əməliyyat-axtarış tədbirlərinin 29 yanvar - 01 fevral 2018-ci il tarixlərində davam etdirilib, nəticədə əlavə olaraq 497 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 88 kq yandırma məhsulu aşkar edilib. Ümumilikdə 517 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar edilib, 515 ədədi Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmış, 2 ədəd partlamamış hərbi sursatın daşınması mümkün olmadığına görə, 1 fevral 2018-ci il tarixində yerində partlayış yolu məhv edilib.
Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 10 000 kv.m əraziyə yerüstü, 675 kv.m əraziyə isə yeraltı baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.