Qanunsuz olaraq tikili aparıb vətəndaşın mənzilinin pəncərəsinin önündə beton dirək ataraq otaq artırırlar, əlavə tikili edib ümumi eyvanda sağ və solda gördüyünüz mənzilləri tikirlər. Beləcə evi blokadaya alıb, vətəndaşı mənzilini tikinti şirkətinə satmadığına görə cəzalandırırlar. Bunu da şəhərin mərkəzində Nərimanov rayonunda edirlər. Ən dəhşətlisi də odur ki, bütün dövlət qurumları görür amma susurlar. Məhkəmələrin gücü çatmır. 2020-ci ildən başlayaraq vətəndaş məhkəməyə üz tutub, pozulmuş mülkiyyət hüququnu müdafiə etmək istəyir, amma 3 ilə yaxındır ki, birinci instansiya məhkəməsində yekun qərar çıxmır. Beləcə ölkədə mülkiyyət hüquqlarının nə qədər müqəddəs olduğunu görürük. Vətəndaş 3 ildir yararsız hala salınan evindən didərgin düşüb. Ancaq buna görə məhkəmə onun evini yararsız hala salanlardan kirayə haqqı da tutmayib. Niyəsi çox sadədir. Tikinti şirkəti "yuxarılara" məxsusdur.
Hətta məhkəmə qərardadı ilə bu qanunsuz tikilinin dayandırılması nəzərdə tutulsa da icra məmurunu oradan gözümün qabağında qovdular. İstədikləri kimi də Fövqəladə Hallar Nazirliyinin qəzalı vəziyyətdə olmasına dair rəyi olan binanın üstünə tikinti apardılar. Bu azmış kimi, hamını da susdura bildilər. İndi imkan vermirlər ki, iş yerli instansiyalari keçsin. Bilirlər ki, olmayan ədaləti Avropada axtaracaq vətəndaş. 3 il ərzində ölkədə o vəzifəli qalmadı ki, müraciət olunmasın. Nə fayda?! Artıq vətəndaş sual verir ki, mən niyə bu ölkədə yaşayım?
Mənim əmlakımı məhv etdilər, yaşayışa yararsız hala saldılar, hamı göz yumdu. Can güvənliyim yox, təhdid etdilər. Məhkəmə, polis, nazirliklər hamısı biznesmenin arxasında durursa, mən bura necə Vətən deyim, necə yaşayım?!
Mən Vəkil olaraq söz tapmadım. Hüquq yerdə sürünür. Qanun yox, heç məmur da yox, pulu olan qanunu da məmuru da istədiyi kimi idarə edir. Nə deyə bilərəm ki?
Hərdən həmkarlar deyirlər ki, iş barəsində publik nəsə yazmaq neye lazımdır?! Ona görə lazımdır ki, belə işlərdə kimin başına nə gələcəyini, kim nələr edəcəyini heç kim bilmir. Yazmaq lazımdır ki, ən azından tarix və sübut üçün qalsın. Bizdə ən hörmətsiz və lazımsız hüquq mülkiyyət hüququdur. Əlində mülkiyyət hüququnu dövlət tərəfindən qeydə alan Çıxariş da olsa, o sənin deyil. Bu əmlak hansı məmur istəsə onundur. Bu əmlak hansı varlı biznesmen istəsə onundur. Və bütün bunlara görə səni müdafiə edəcək hüquq sistemi yoxdur!
P.S. Bu evin sahibi tək anadır. Yeganə övladı 2020-ci ildə müharibə vaxtı hərbi xidmətdə idi. Onun bu evini elə oğlu Vətənə borcunu yerinə yetirməyə gedəndə dağıtdılar. İndi 3 ildi qadın qapılarda qalır. Sabah hamı ətrafında olan ana, bacı, qız xanımları təbrik edəcək. Ancaq hüququnu müdafiə edə bilmədiyimiz xanımın nə bayramı!
Səbuhi Axundov