BELARUSDA 52 SİYASİ MƏHBUS AZAD EDİLİB
Belarusda 52 siyasi məhbusun azad edildiyi açıqlanıb. Bu addım ABŞ-ın ölkənin milli aviaşirkəti “Belavia”ya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməsi ilə eyni gün baş verib. Minsk uzun müddətdir Qərbin sanksiyaları altında idi.
Prezident Aleksandr Lukaşenko artıq bir ildən çoxdur ki, Qərblə münasibətləri bərpa etmək istiqamətində addımlar atır. Dövlət başçısı daha əvvəl də məhbusların azadlığa buraxılması ilə beynəlxalq aləmdə mövqeyini yumşaltmağa çalışmışdı.
ABŞ nümayəndəsi Con Koal Minskə səfəri zamanı sanksiyaların götürülməsini elan edib. Lukaşenko ilə görüşdə tərəflərin münasibətləri normallaşdırmağa dair mesajlar verilib.
Bununla yanaşı, müxalifət təmsilçiləri sanksiyaların ləğvinin ciddi islahatlar olmadan rejimə və Rusiyaya əlavə imkanlar yaradacağı barədə xəbərdarlıq edirlər.
Azad olunanlar arasında 14 əcnəbi vətəndaş da var. Bununla belə, insan haqları təşkilatlarının məlumatına görə, ölkədə hələ də 1200-ə yaxın siyasi məhbus qalır.
Belarusun yeganə milli aviaşirkəti olan “Belavia” daha əvvəl Avropa İttifaqı və ABŞ tərəfindən məhdudiyyətlərə məruz qalmışdı. Sanksiyaların nəticəsi olaraq şirkət öz aviaparkını yarıbayarı azaltmalı olmuşdu.