“GÜNAYBANK”ın 100 milyonunu ələ keçirən şəxs saxlanıldı
“GünayBank”ın 100 milyon manatını ələ keçirən bankın sabiq sədr müavini Emin Zeynalov saxlanılıb.
Haqqin.az xəbər verir ki, Emini daxili işlər nazirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşları saxlayıblar.
Eminin 100 milyonluq maliyyə fırıldağı barədə bir neçə gün əvvəl xəbər yayılmışdı. Ehtimal edilir ki, 100 milyon manat ofşor hesablara köçürülüb.
Zeynalov uzun illər bankın departament rəisi işləyib. 2017-ci ildə isə “GünayBank”a sədr müavini təyin edilib.
Qeyd edək ki, bank 1992-ci ildən fəaliyyət göstərir. 2015-ci il böhranına baxmayaraq, fəaliyyətini davam etdirib.
Bankın əsas səhmdarı Mahmud Məmmədov və onun həyat yoldaşı Yeganə Şirinovadır. Onlar bankın 89.76% səhmlərinin sahibidirlər. Mahmud Məmmədov bankın müşahidə şurasının sədridir.