Tıxacdan bezənlərə şad xəbər: 20 Yanvar körpüsündə hərəkət bərpa olunur
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işlərinin 1-ci mərhələsi bitmək üzrədir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZXEBER.COM-a daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) mövcud avtomobil körpüsünədək (Delfin otelin qarşısınadək) olan hissəsini əhatə edib.
Bu çərçivədə iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən qısa müddətlik Moskva prospektinin 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi - "Şamaxı yolu” adlanan ərazi istiqamətinə yönəldilib.
Artıq ərazidə son tamamlanma işləri aparılır, yol xətlənir. Səhər tezdən körpü və tunellə hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılır. Bununla da 20 Yanvar dairəsi və Şamaxı yolu deyilən ərazi istiqamətində yaranan sıxlıq aradan qalxacaq.
1-ci mərhələ çərçivəsində təmir işləri Beynəlxalq Avtovağzal kompleksi qarşısından başlayaraq mövcud avtomobil körpüsünədək 2 km-lik hissədə aparılırdı. Sabahdan etibarən isə körpüdən üzü Xırdalan dairəsinə doğru işlərə start verilir. Bu istiqamətdə hərəkət məhdudlaşdırılmadan təmir işləri davam etdiriləcək. Yəni təmir işləri yalnız bir-neçə zolaq üzrə aparılacaq, digər zolaqlarla hərəkət davam etdiriləcək.
PAYLAŞ