Nizami rayonunun Rüstəm Rüstəmov küçəsindəki yaşıllıq zolağında 30-a yaxın zeytun ağacının kəsildiyi deyilir.
Azadmedia.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Bildirilir ki, hadisə bir neçə gün öncə, tikilməkdə olan “Premium Park” yaşayış kompleksinin qarşısında baş verib.
“Çoxillik ağacları perspektivdə kompleksin qarşısında parkinq yaratmaq üçün kəsiblər. Sıx yerləşən ağaclar bu işə mane olurdu, indi isə yaşıllıq seyrəlib və ağacların arasında maşın saxlamaq üçün şərait yaranıb. Kəsilən ağacların əvəzinə sanki kompensasiya olaraq kiçik yolkalar əkiblər. Amma zaman keçdikcə onları da qurudub yox edəcəklər”, - deyə ərazi ilə bağlı iddia irəli sürülüb.
“Ölkə.Az” məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərib.
Qeyd edək ki, son aylar Nizami rayonu yaşıllığın məhv edilməsi xəbəri ilə adı mediada ən çox hallanan rayondur. İcra başçısı sanki ağac qatilidir. Ağacların yeri ona yaxşı qazanc gətirir. İnanırıq ki, yaşıllığın məhvi hesabına yığdığı var-dövlətin bədəli ağır olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.