Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmışdır.
Aparılmış ilkin araşdırma zamanı 2023-cü ilin fevral-may aylarında qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən Mərkəzə müraciət etmiş çoxsaylı sağlam vətəndaşın hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta diaqnozların rəsmiləşdirilməsinə, bu yolla da onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına təqdim etmələri üçün əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin və onların əlbir olduğu digər şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.