İki dəfə dünya çempionu olmuş qazaxıstanlı boksçu Firuzə Şaripova Rusiya prezidenti Vladimir Putinlə rinqə çıxmaq istədiyini deyib.
Musavat.com xəbər verir ki, 24 yaşlı qadın boksçu prezidentlə rinqdə dostluq yarışı keçirmək istədiyini bildirib.
Firuzə Şaripova karyerası boyunca bir çox böyük uğurlara sahib olan boksçulardandır. O, iki dəfə fərqli çəkilər üzrə dünya çempionluğunu qazanıb. Firuzə Şaripova Beynəlxalq Boks Assosiasiyası tərəfindən də bir neçə dəfə mükafatlara layiq görülüb. Şaripova 2017-ci ildə Qazaxıstanın ən cazibədar qadın boksçusu seçilib.
Son günlərdə dünya mətbuatında qadın boksçunun Rusiya prezidenti Vladimir Putinlə və MMA döyüşçüsü Həbib Nurməhəmmədov ilə döyüşəcəyi haqqında məlumatlar yer alıb.
Firuzə Şaripova məsələyə aydınlıq gətirmək üçün öz ölkəsində yerli mətbuata açıqlama verib.
O, bu döyüşlərin mümkün ola biləcəyini deyib: “Vladimir Putin ilə rinqdə döyüşmək mənim üçün bir şərəf olar. Lakin bu döyüşün qansız olmasını, bir dostluq görüşü kimi keçirilməsini istəyərdim. Onu da qeyd edim ki, bu döyüş yalnız prezidentin də istəyindən sonra baş tuta bilər”.
Firuzə Şaripova Həbib Nurməhəmmədov haqqında isə bunları deyib: “Həbib çox bacarıqlı və çalışqan döyüşçüdür. Onunla da məşq etmək istəyərəm. Ona öyrədə biləcəyim bir çox şey var. Onun da mənə öyrədəcəyi bir çox şeyin olduğunu düşünürəm. O, bir qaydasız döyüşçüdür. Mən isə professional döyüşçüyəm. Həbiblə rinqə çıxmağıma isə yalnız o qərar verə bilər. Mən onunla döyüşməyə hər zaman hazıram. Həbibin mənimlə rinqdə heç bir şansı olmaz”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.