Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib.
APA-nın məlumatına görə, Albaniyanın “Partizani” klubunu iki oyunun yekununda (0:0, 2:0) məğlub edən Azərbaycan çempionu II təsnifat mərhələsində “Dandalk” (İrlandiya) ilə qarşılaşacaq.
İrlandiya təmsilçisi I təsnifat mərhələsində “Riqa”nı (Latviya) yarışdan kənarlaşdırıb. Bu komandalar arasındakı ilk görüş İrlandiyada baş tutub və qolsuz heç-heçə ilə nəticələnib.
Latviyadakı matçın 90 dəqiqəsində də azarkeşlər qol izləməyiblər. Əlavə vaxtda da hesab dəyişmədiyindən cütün taleyinə penaltilər seriyası aydınlıq gətirib. Daha dəqiq olan irlandiyalılar 5:4 hesablı qələbə qazanıblar.
II təsnifat mərhələsinin “Dandalk” – “Qarabağ” oyunu iyulun 23 və ya 24-də keçiriləcək. Ağdamlıların ev qarşılaşması isə iyulun 30 və ya 31-də baş tutacaq.
Qeyd edək ki, “Qarabağ”a məğlub olan “Partizani” mübarizəni Avropa Liqasında davam etdirəcək. Albaniyalılar iyulun 25-də və avqustun 1-də keçiriləcək II təsnifat mərhələsində “Şerif”lə (Moldova) üz-üzə gələcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.