“Çox önəmli oyundur. “Sevilya” İspaniyanın üç ən böyük klubundan biridir. Hazırda da La Liqada 3-cü yerdədir. “Barselona” və “Real Madrid”lə aralarında 1 xallıq fərq var”.
“Report”un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə oyun haqda danışarkən deyib.
Onun sözlərinə görə, “Qarabağ”ın məqsədi növbəti mərhələyə yüksəlməkdir: “Bunun üçün şansımız var. Qurban Qurbanovla görüşüm oldu. Komandaya onlardan möhtəşəm oyun gözlədiyimi dedim. Nəticəni heç vaxt bilmək olmaz. Bizə yaraşan meydana həyəcan dolu, özünə inanan komandanın çıxmasıdır. Enerjimiz, qoçaqlığımızla “Sevilya”nı təəccübləndirmək istəyirik”.
– “Qarabağ” Çempionlar Liqasında İspaniyada “Atletiko” ilə heç-heçə edib. Bu oyunda xal qazanmaq üçün nə lazımdır?
– “Atletiko” və “Sevilya”nın oyun tərzi çox fərqlidir. “Atletiko” ilə oyunlarımız alındı. Əslində, bu bizə cəsarət verir. “Sevilya” nəhəng klubdur. Amma “Qarabağ” da imkansızları bacarmış klubdur. Komandaya inanıram. Əsas odur, cəsarətli mübarizə aparaq. Futbolçularda bunu görmək istəyirəm.
– “Sevilya” qrupdan çıxmaq tapşırığını həll edib. Bu “Qarabağ”a maneə olar bilər, yoxsa əksinə?
– “Qarabağ”ı hamı gözəl futbol komanda oynayan komanda kimi tanıyır və buna görə ciddiyə alırlar. Klub prezidenti ilə danışanda da onlar “Qarabağ”ı sürpriz komanda adlandırırlar. Bizə qarşı rahat oynayacaqlarına inanmıram.
– Oyun üçün hansı nəticəni düşünürsünüz?
– Heç vaxt nəticəyə baxmamışam. Nəticəyə yox, məndən asılı olanlara baxmışam. “Qarabağ”ın fəlsəfəsi nəticə deyil. Biz möhtəşəm oynamalıyıq. Qorxaq, müdafiə futbolu oynamamalı, lazımı yerdə sözümüzü deməliyik. Elə etməliyik ki, insanlar bizi alqışlasınlar. Quran Qurbanovla danışdım. İstəyimiz odur ki, Avropa bizi cəsarətli oyunumuza görə alqışlasın. Nəticə nə olursa-olsun. Məndən nə asılıdırsa, edirəm, qalanı həyatın işidir.
– Futbolçuları oyuna necə motivasiya etmək istəyirsiniz?
– Adətən Qurbanovun futbolçularla söhbətinə qarışmıram. Amma onlara deyəcək sözüm budur ki, bizi qürurlandırın. Onlara buradan 100 faiz qələbə ilə çıxmağı söyləmirəm. Bunlar hamısı bir az da bəxt, şans məsələsidir. Amma siz “Sevilya” önündə möhtəşəm komanda olduğunuzu göstərməyə borclusunuz.
– Xüsusi qonaqlarınız olacaq?
– Bəli, xaricdən gələn qonaqlarım var.
– Səfirlimizlə əlaqə yaradılıb? Ordan gələn olacaq?
– Xeyr, bura təzə gəlmişik. Yüz faiz əminəm ki, olacaq. Onları gözləyirəm. Lüksemburqda “Düdelanj”la matçdakı biabırçılığın qarşısı almaqda oradakı səfirliyimizin böyük rolu oldu. Əl-ələ verib böyük qüvvə yaratdıq, nəticədə bizdən üzr istədilər. Səfirliyin gəlməyi vacibdir, onlardan dəstək gözləyirik. Çoxlu azarkeşimizin olacağını bilmirəm.