Qanun dəyişdi - Bu idman federasiyalarına maliyyə verilməyəcək
Milli Məclisin bu gün keçirilən iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edilməsi müzakirə edilib
Qanun layihəsi barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.
Komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə “Bədən tərbiyəsi və idman haqqında” qanunun 11-ci (Respublika idman federasiyalarının hüquqları və vəzifələri) maddəsinə əlavə bəndlər təklif edilir.
Təkliflərdə federasiyaların vəzifə borcu kimi “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna və milli antidopinq qaydalarına uyğun olaraq, idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etmək tələb kimi qoyulur.
Deputat bildirib ki, respublika idman federasiyaları tərəfindən bu qanuna yuxarıda qeyd edilən əlavənin yerinə yetirilməməsi pozuntu hesab edilir və həmin tələblər yerinə yetirilənədək dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin kəsilməsinə səbəb olur.
Qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.