“CBC sport”dan Mahir Mədətov — AÇIQLAMASI
“Yeni il verilişimiz “Salam, 2018”in bu qədər rezonans və səs-küy yaratması xoş haldır”.
Bu barədə “CBC sport”un rəsmisi Azər Cavad Əliyev bildirib. Onun sözlərinə görə, Mahir Mədətovun çəkilişi zamanı Roman Qriqorçuk də iştirak edib.
“Verilişin rejissoru və layihə rəhbəri olaraq, məsələyə aydınlıq gətirirəm. Məsuliyyətlə bildirirəm ki, bizim çox hörmətli qonağımız Roman Qriqorçuk, Mahir Mədətovun çəkilişi zamanı məkanda öz növbəsini gözləyirdi və Mahirdən 3 metr aralıqda dayanmışdı. Baş məşqçinin Mahirin dostyana parodiyasına münasibəti müsbətdən də artıq idi. Qeyd edim ki, əgər Roman Qriqorçuk etiraz etsə idi, parodiya baş tutmazdı. O, maraqla Mahiri izləyib, gülümsəyirdi. Çəkilişdən sonra isə tərəflər qucaqlaşdılar. Məni tanıyanlar sözümün kəsərini və səmimiliyimi bilirlər. Odur ki, sevimli klublarımızdan olan “Qəbələ”nin hörmətli təmsilçiləri bəyanat verməzdən əvvəl Roman Qriqorçukla danışıb həqiqəti, onun fikrirlərini və məsələyə münasibətini aydınlaşdırardınız”, - deyə Azər Cavad Əliyev bildirib.
Qeyd edək ki, 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişi yayımlanıb. Verilişin qonaqlarından biri “Qarabağ” Futbol Klubunun üzvü Mahir Mədətov verilişin formatına uyğun olaraq, maraqlı əhvalat nəql edərkən mövzu kimi “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukla futbolçular arasında olan dialoqu seçib və bunu özünəməxsus şəkildə təqdim edib. “Qəbələ” İdman Klubu futbolçunun bu çıxışını tənqid edib və bu barədə bəyanat yayıb. Bildirilib ki, idmançı haqqında ölçü götürüləcək. Bəyanatda həmçinin M.Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” və Roman Qriqorçukdan üzr istəməsi tələb edilir.