AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hansı məhsulların gömrük rüsumu artırılıb? – Ekspertdən açıqlamalar

  • + A
  • - A
  • 12-01-2019, 13:01

    Hansı məhsulların gömrük rüsumu artırılıb? – Ekspertdən açıqlamalar















    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib. Bu barədə qərarı Novruz Məmmədov imzalayıb.

    Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litri üçün 0,3 ABŞ dolları, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litri üçün 0,3 ABŞ dolları, meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər üçün 15.12.2019-cu il tarixinədək 15 %, lakin 1 litri 0,7 ABŞ dollarından az olmamaq şərtilə, alkoqollu energetik içkilər 1 litri üçün 2,0 ABŞ dolları, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar: siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1000 ədədi üzrə 0,5 ABŞ dolları, elektron siqaretlər üçün maye – 1 kq-ı üzrə 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib.

    Nazirlər Kabinetinin digər bir qərarı ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrində də dəyişikliklər edilib.

    Ekspertlər isə bu qərardan sonra bazarlarada sözügedən məhsulların bahalaşacağını vurğulayırlar. Artıq bəzi tütün məhsulları və energertik içkilərdə qiymət artımları baş verib.

    “Yeni Müsavat”a açıqlamasında bu məsələyə münasibət bildirən Natiq Cəfərli hesab edir ki, yetərincə yerli istehsalı olmayan energetik içkilərin gömrük rüsumlarının artırılması bahalaşmaya yol açacaq: “Spirtsiz enerji içkilərinin Azərbaycanda istehsalı yoxdur, bu məhsulların əksər hissə xaricdən gətirilir. Bu xarici markalara kifayət qədər tələbat var idi, gənclər tərəfindən maraq artmışdı. Doğrudur enerji içkilərinin insan səhhətinə ziyanlı olması müzakirə olunur. Ancaq bu qərarın verilməsində əsas məsələ o deyil. Yerli istehsal olmadığı halda gömrük rüsumlarının bu qədər artırılması, bazarda qiymətlərə nəzərə çarpacaq dərəcədə təsir göstərəcək. əslində bunun bir məntiqi və açıqlaması olmalı idi. Çox təəssüf ki, nazirlər Kabinetinin qərarında açıqlama hissəsi yoxdur. Yalnız aksiz vergilərinin qaldırılması ilə bağlı qərarın qəbul olunduğu haqqında məlumat verilir. Ola bilər ki, hansısa qərarlar var. Ölkəmizdə hansısa holdinqlər tərəfindən enerji içkilərinin istehsalının həyata keçirilməsi ilə bağlı qərar ola bilər. Ancaq yerli istehsal olmadığı halda rüsumların bu qədər artması qiymət artımından başqa bir şey deyildi. Əgər təkrar istehsal olacaqsa, o zaman bilinəcək ki, bu qərarın verilməsində hansısa maraqlar rol oynayıb”.

    N.Cəfərli onu da bildirdi ki, rüsumu artırılan malların siyahısında sosial məhsullar qrupuna aid edilə biləcək mallar yoxdur: “Burada əsasən tütün məmulatları, alkoqollu içkilər, xaricdə istehsal olunmuş spirtlə bağlı qərar var. Ancaq onu da nəzərə almaq lazımdır ki, yerli məhsulların istehsalında da xaricdən idxal olunmuş spirtdən istifadə olunur. Onlar əsasən Rusiyadan və Ukraynadan gətirilir. Onların qiyməti qalxarsa, yerli istehsalçılar da qiyməti artırmağa məcbur olacaqlar. Tütün məmulatlarında da artıq qiymət artımı başlayıb. Bu məhsullar sosial qrupa aid olmadığı üçün əhali arasında o qədər də ciddi narazılıq doğurmur. Ancaq burada diqqətli olmaq lazımdır. Əgər Azərbaycanda spirtli içkilərin qiyməti qonşu ölkələrdən çox fərqli olsa bu zaman qaçaqmalçılıq artacaq, gömrük rüsumları ödənişindən və büdcədən yayınma halları çoxalacaq. Qaçaqmalçılıq o qədər güclənə bilər ki, onun qarşısını almaq da çətinləşə bilər. Müvafiq dövlət orqanları və orada çalışanların vasitəsilə bu addımları atmağa cəhd göstərən qruplar yarana bilər”.

    Ekspertin fikrincə, digər məhsul növlərində isə gömrük rüsumu və aksizlərdən doğan ciddi qiymət artımı gözlənilmir: “Ola bilər ki, gələcəkdə başqa qərarlar da verilsin və büdcənin formalaşması ilə bağlı problem yaşanarsa, müəyyən artımlara gedilə bilər. Çünki neftin qiymətlərində də oynaqlıq var, hazırda təxminən 60 dollar civarındadır. Bu da büdcənin hesabladığı qiymətdir. Qiymət 60 dollardan aşağı düşsə, ola bilər ki, il ərzində gömrük rüsumları və vergilərdə növbəti artım qərarları verilsin, digər istehlak mallarına aid rüsumlar artırılsın”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR