AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Parkinqlərdə yenidən qiymət artımı gözlənilir

  • + A
  • - A
  • 18-07-2019, 11:17

    Parkinqlərdə yenidən qiymət artımı gözlənilir

    BNA 423 parkinqi Bakı Şəhər İcra Hakimiyyətindən aldı; ekspert: “Hər maşın sürənə varlı kimi baxmaq olmaz”

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Bakı Nəqliyyat Agentliyinə (BNA) 423 parkinqi təhvil verib. Bunu BNA-nin mətbuat katibi Mais Ağayev bildirib. M.Ağayev deyib ki, yerlər mütəxəssislər tərəfindən təhlil edilir: “Lakin bu o demək deyil ki, qeyd edilən parklanma yerlərinin hər birində agentlik yenidən parklanma təşkil edəcək. Bu yerlər mütəxəssislərimiz tərəfindən təhlil edilir və yalnız məqsədəmüvafiq hesab edilən, yəni nəqliyyat sıxlığına, xüsusən də ictimai nəqliyyatın hərəkətinə maneə yaratmayan məntəqələrdə parklanma yerləri təşkil ediləcək. Parklanma yerlərinin idarə edilməsi ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir. Yaxın aylarda vurğuladığım məsələlər öz təsdiqini tapdıqdan sonra işlərin icrasına başlanılacaq”.

    O eyni zamanda qeyd edib ki, hazırda BNA tərəfindən parklanmanın idarə edilməsi üçün zəruri olan komponentlərin təkmilləşdirilməsi işləri davam etdirilir. “Bu işlərə Bakı şəhəri üzrə parklanma tələbatına uyğun olaraq zonaların müəyyənləşdirilməsi, bu zonalar üzrə qiymət tarifləri, onların qüvvədə olma vaxtlarının təyin edilməsi və qanunvericilikdən irəli gələn digər məsələlər daxildir. Qeyd edilən məsələlər parklanmanın idarə edilməsi üçün çox vacibdir. Parklanmanın düzgün idarə edilməsi Bakı şəhərində nəqliyyat şəraitinin yaxşılaşdırılması, sıxlıqların azaldılması, insanları şəxsi nəqliyyat vasitələrindən istifadədən çəkindirmək və ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün əsas amillərdən biridir. Bu sadalananlara nail olmaq şəhərin ekoloji mühitini yaxşılaşdırmaq, atmosferin çirklənmə səviyyəsini aşağı salmaq, digər nəqliyyat vasitələrinin səyahət vaxtını və yanacaq sərfiyyatını azaltmaqla iqtisadi cəhətdən də müsbət nəticələr əldə etmək deməkdir”. Ölkə başçısının 6 iyulda imzaladığı fərmanla Bakı şəhərinin inzibati ərazisində parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib. Lakin müəyyən səbəblərdən parklama yerlərinin meriya tərəfindən təhvili gecikdirilirdi.

    BNA-nın parkinqlərdə qiymət artımı ilə bağlı Nazirlər Kabinetinə müraciətlərinin olması haqda məlumatlar var. Bakının mərkəzində yerləşən parkinqlərin qiymətləri real vəziyyətə uyğun hesab edilmir. Bakının mərkəzində ən bahalı parkinq “28 Mall” ticarət və əyləncə mərkəzinin altında yerləşir. “28 Mall”da parklamanın qiyməti belədir:

    1 saat – 1 manat

    1-3 saat – 2 manat

    3-5 saat – 3 manat

    5-7 saat – 5 manat

    7-24 saat – 20 manat

    Parkinqdə təqdim olunan giriş çekini itirən müştərilər 20 manat cərimə olunur. Bulvar ərazisindəki “Park Bulvar”da isə qiymətlər belədir:

    0-1 saat – 1 manat

    1-3 saat – 2 manat

    3-8 saat – 3 manat

    8-12 saat – 6 manat

    12-15 saat – 10 manat

    Giriş çekinin itirilməsinin qarşılığında isə 10 manat cərimə ödənilməlidir. Parkinqdə 24 saat avtomobil saxlamaq qadağandır. Bakıda fəaliyyət göstərən ən böyük avtomobil dayanacaqlarından biri isə Fəvvarələr meydanının yanındakı “Garage”dir. Burada təklif olunan qiymətlər də bahadır. 5 mərtəbəli dayanacaq parkinq sizə 0-1 saat – 1 manat

    1-3 saat – 2 manat

    3-6 saat – 3 manat

    6-12 saat – 6 manat

    12-24 saat – 10 manata

    başa gələcək.

    Azərbaycanın baş meydanı – Azadlığın altındakı ölkənin ən böyük yeraltı avtomobil parkinqində qiymətlər 1 manatdan başlayır.

    0-2 saat – 1 manat

    2-5 saat – 2 manat

    5-12 saat – 3 manat

    12-24 saat – 6 manat

    Bu dayanacaq 24 saatlıq istifadəsi üçün ən ucuz qiymətə xidmət göstərən dayanacaqdır. İtirilmiş parkinq çekinə görə cərimə isə 60 çörək qiyməti qədərdir: 30 manat.

    Füzuli meydanı yaxınlığındakı yeraltı dayanacağın da minimal qiyməti 1 manatdan başlayır. Parkinqlərdən 15 dəqiqəlik istifadə pulsuzdur. Amma 15 dəqiqəlik limit çox parkinqə giriş-çıxış müddətini aşır. Pulsuz xidmətdən istifadə etmək praktiki olaraq mümkün deyil. Bakıda parkinqlər bahadır deyə sürücülər alternativ variantlara üstünlük vermək məcburiyyətində qalırlar. Nəqliyyat vasitələrini daha çox məhəllələrdə, həyətlərdə saxlamağa üstünlük verirlər.

    Elməddin Muradlı ile ilgili görsel sonucu

    Ekspert, avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Bakıda parkinq qiymətlərinin baha olmasını diqqətə çatdırır. Deyir ki, Bakı Nəqliyyat Agentliyi təhvil aldığı parkinqlərdə qiymət məsələsi ilə bağlı Nazirlər Kabinetinə uyğun təkliflər verə bilər: “Qiymət müəyyən olunarkən ölkə vətəndaşlarının maddi durumu nəzərə alınmalıdır. Hər maşın sürənə varlı, iş-güc sahibi kimi baxmaq olmaz. Nizami küçəsi, Neftçilər prospektində və bu kimi küçələrdə, prospektlərdə bir qiymət, Əhmədlidə, Sabunçuda bir başqa qiymətlər təklif olunmalıdır. ”İçərişəhər”ə kim maşınla girmək istəyirsə, orada yaşayanlar xaric, 2-3 manat parkinq haqqı ödəsinlər. Amma bu cür qiyməti insanların istirahətə gəldiyi Milli Parkın yaxınlığındakı parkinqlərə tətbiq etmək olmaz. Həm də parkinqlər uyğun yerlərdə olmalıdır. Kukla Teatrına uşaq gətirən valideyn maşını park etmək üçün Azadlıq meydanının altındakı parkinqə gedib çıxmamalıdır. Yəni parkinqlər şəhərdə çox yerdə olmalıdır. Hazırda durum qiymət artımına getməyə adekvat deyil. İlk növbədə hər kəsə əlçatan olan parkinqlər və qiymətlər müəyyən olunmalıdır. Vətəndaş şəhərin kənarından mərkəzə istirahətə gəlirsə, deməli, Milli Parkda, teatrda, əyləncə yerlərində azı 3 saat keçirəcək. Ondan bu müddət üçün niyə 3-5 manat alınmalıdır?”

    Elməddin Muradlı deyir ki, bu gün parkinq yerləri bərbad durumdadır: “Şəhərdə tikinti o şəkildə aparılıb ki, bu gün küçələrdə parkinqə demək olar ki, yer qalmayıb. Belə bir halda qiymət artımından danışmaq yersizdir. Vətəndaşların maddi durumunu nəzərə almaq lazımdır. Hamının gəliri eyni deyil ki, hər gün parkinqə 3-5 manat xərcləsin. Elə məmur övladları var ki, ömürlərində 1 gün belə işləməyiblər, 250-300 minlik maşınlarda gəzir, parkinqə 100 manat versələr belə veclərinə deyil. Amma elə vətəndaşlar da var ki, şəhərin mərkəzinə gündəlik qazanc üçün gəlirlər. Gündə 15-20 manatı zorla qazanırlar. Onlardan hər gün 2-3 manat parklama haqqı almaq uyğun deyil. Parklama qiymətləri müəyyən edilərkən belə məsələlər nəzərə alınmalıdır. Fəhlə maşınla şəhərin mərkəzinə gələ bilməz? Hər maşın sürənə imkanlı şəxs kimi baxmaq olmaz”.

    Elməddin Muradlı deyir ki, şəhərin elə mərkəzi küçələri var ki, günün müəyyən saatlarında həmin küçələrdə parkinqə icazə verilə bilər: “Məsələn, Neftçilər prospektində Kukla Teatrını keçəndən sonra üzü Muzey Mərkəzinə doğru yol 2 zolaqdan 5 zolağa qədər genişlənir. Bulvar boyunca, düz Azadlıq meydanına qədər sağ zolaqdan tək-tək sürücülər istifadə edir. Məsələn, axşam 7-dən sonra həmin zolaqda parkinqə icazə verilə bilər. Heç bir qanunda Bakıda bütün parkinqlərin ödənişli olması yazılmayıb. Məcbur deyil ki, hər parkinq pullu olsun. Saatı 1 manata parkinq ”Torqovı”da, Malakan bağı ətrafındakı parkinqlərdə olsun. Amma şəhərin hər tərəfində bu cür parkinq haqqı almaq düzgün deyil”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR