Beynəlxalq Bankın qalan canını da “Şapka Mamed” alır
İqtisadçı ekspert: “Məmməd Musayev ABB-yə borcu olanların əmlakını ələ keçirməklə məşğuldur...”
1,5 milyard dollara yaxın problemli kreditlərin həlli üçün heç bir addım atmayan hökumət, bunun əksinə olaraq, Beynəlxalq Bankın nəinki zərərli aktivlərini, xarici borcunu da öz üzərinə götürüb. Qeyd edək ki, artıq ABB-nin zərərli aktivləri dövlət büdcəsinin həcminə çatıb.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin yaydığı açıqlamaya görə, vaxtı keçmiş kreditlərlə yanaşı, xarici borcunun ödənilməsi də dövlət hesabına həyata keçiriləcək. Bankın yaydığı açıqlamada qeyd edilir ki, artıq ABB-nin 9,93 mlrd. manat dəyərində toksik aktivi dövlət tərəfindən alınıb, likvidlik dəstəyinin göstərilməsi üçün banka 1,3 milyard dollar və 70 milyon manat həcmində depozit yerləşdirilib. Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 milyon manat hissəsi kapitalın artırılmasına yönəldilib.
Maraqlı bir məqam isə ondan ibarətdir ki, Beynəlxalq Bankla bağlı araşdırma ortaya çıxarkən, zərərli aktivlərin həcmi 4 milyard olsa da, ötən iki il ərzində 10 milyard manatı örtüb. Bu isə o deməkdir ki, Cahangir Hacıyevdən sonra bankın rəhbərliyinə gələnlər heç də ondan yaxşı işləməyiblər.
ABB ilə bağlı yaranmış bu durumu qiymətləndirən bank sektoru üzrə ixtisaslaşmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov vəziyyətin qeyri-şəffaf olmasından narahatlıq ifadə edib.
“Yeni Müsavat”a danışan ekspert C.Hacıyevdən sonra sözügedən bankda baş verən qanunsuzluqların da ifşa olunmasının vacibliyini qeyd edib: “Mən qorxuram ki, Beynəlxalq Bankdan ”oğurlanmış vəsaitlər" deyil, “oğurlanmış və hələ də oğurlanan vəsaitlər” demək lazımdır. Fikir verin, indiyədək heç kəs çıxıb ictimaiyyətə dəqiq məlumat vermir ki, bu bankın real vəziyyəti nə yerdədir. Niyə? Bunu hesablamaq belə çətindir? Yoxsa bütün günahı əvvəlki rəhbərliyin üzərinə yıxıb olan-qalan əmlakı da talamaq istəyənlər var? Əvvəl dedilər ki, bu bankı Cahangir Hacıyev talayıb. Düz deyirlər, talayıb. Amma bütün bunları tək etməyib. Belə iri cinayətlərdə ona yüzlərlə insan dəstək olmalı idi. Lakin nədənsə faktiki olaraq tək cəzalandı. Ancaq önəmli olan heç bu da deyil. Əsas odur ki, C.Hacıyev 2 ildən çoxdur ki, həmin bankın rəhbəri deyil. Niyə məlumat verilmir ki, o, banka nə qədər zərər vurub və bankın ondan sonrakı real maliyyə durumu necədir? Sonra bankı Elmar Məmmədova tapşırdılar, ondan da yaxşı nə isə gözləmirdim. Çünki C.Hacıyev heç olmasa peşəkar bankir idi. E.Məmmədov isə bazar alverçisi səviyyəsində bir kəs idi. Deyilənə görə o da banka xeyli zərər vurdu. Elə ona görə də ötən ilin sonunda azad edildi. Heç olmasa ondan sonra çıxıb bu bankın real vəziyyəti ilə bağlı məlumatları paylaşardılar. Amma yenə də demədilər. Tam qeyri-şəffaf bir durumdur".
İqtisadçının sözlərinə görə, Cahangir Hacıyevdən sonra ABB rəhbərliyinə gələn iki bankir dövlətə dəymiş zərərin böyüməsindən başqa heç nəyə nail ola bilməyib: “”Elmar Məmmədovdan sonra banka Xalid Əhədov rəhbərlik edir. O, peşəkar bankirdir, onu dürüst insan kimi tanıyıram. Lakin görünən odur ki, o da işin öhdəsindən gəlmir və ya formal rəhbərdir, reallıqda bank kənardan idarə olunur. Çünki yenə də şəffaflıq yoxdur, nə baş verdiyini bilmirik. Arada isə dövlət bu bankın 10 milyard manata yaxın problemli kreditini alıb “AqrarKredit” təşkilatına ötürdü. Yəni, faktiki dövlət banka əlavə 10 milyard vəsait verdi və əvəzində problemli borclarını üzərinə götürdü. “AqrarKredit” SSRİ-dən qalma üsullarla idarə olunan geridə qalmış bir qurumdur. Onun rəhbərliyi qeyri-peşəkar, yalnız öz mənfəətlərini güdən şəxslərdir. Rəhbəri Məmməd Musayev “Şapka Mamed” kimi tanınır. Beləsi problemli kreditləri necə qaytaracaq? Reallıqda bu gün Məmməd Musayevə fövqəladə səlahiyyətlər verilib. Məhkəmələr onun bir sözünü iki etmir, tapşırıq var ki, hamı ona kömək etsin və o, kreditləri qaytarsın. Qaytarırmı? Məlumat yoxdur! “Şapka Mamed” ictimaiyyət qarşısına indiyədək çıxıb məlumat vermir ki, nə işlə məşğuldur və nə edə bilib. Reallıqda isə Beynəlxalq Bankın kreditlərinin qaytarılması adı ilə həmin banka borcu olanların əmlakını əlinə keçirir. Ortada olan yalnız budur. Bundan başqa həmin 10 milyard vəsaitdən başqa Neft Fondu da ABB-yə 1 milyard dollar depozit qoyub. İndi isə dövlət ABB-nin xarici borclarını və başa düşdüyüm qədər Neft Fonduna olan borcunu da öz üzərinə götürür. Bir sözlə, ABB tam təmizlənib özəlləşdirələcək. Ümumən düzgün istiqamətdir, başqa yol yoxdur, əks halda bank bağlanmalıdır. Bağlansa, yenə də yük dövlətin üzərində olacaq. Sadəcə onu da unutmayaq, dövlət bizik, xalqdı, hökumət bankı bizim pulumuzla xilas edir, buna görə də tam və ətraflı şəffaf məlumat verilməli idi. Həm əvvəl, həm indi. Biz bankın real vəziyyətini bilməliyik. Eyni zamanda bankın qaytarılmayan kreditlərinin qaytarılmasına da ictimai nəzarət olmalıdır. Daha “AqrarKredit” kimi Nuh əyyamından qalmış bir qurum bu işlə xəlvətdə məşğul olmalı deyil".
İqtisadçını narahat edən əsas məqam isə odur ki, hökumət ABB-nin sağlamlaşdırılmasında bu qədər səxavətli davransa da, problemli kreditlərin həlli və bağlanan banklardan əmanətlərin qaytarılması ilə bağlı eyni şəkildə davranmır: “Niyə hökumət əhalinin borc problemlərinə dəstək olmur, borcluların başına oyun açılmasına da əksər hallarda göz yumur, amma Beynəlxalq Bankın borclarını və problemli kreditlərini üzərinə götürür, həmin problemli kreditlərin qaytarılması barədə ictimaiyyətə məlumat verilmir? Niyə hökumət ”Bank Standard"da, “Texnika bank”da və digər müflis banklarda faktiki pulu batmış şəxslərə kömək olmur, amma Beynəlxalq Banka kömək edir və onun bu hala salınmasının ictimai tədqiqi üçün şərait yaratmır? Mən bir daha deyirəm ki, ABB-in xilası düzgün addımdır, amma ictimai nəzarət olmalıdır. Yoxsa Mərkəzi Bank, Palata və “AqrarKredit” kimi qurumların ümidinə qalsaq, bir neçə ildən sonra onların da törətdiyi özbaşınalıqların qurbanı olduğumuzu başa düşəcəyik. O zaman ola bilər ki, xilas üçün artıq pul da tapılmasın".