Bu hal ipotekaya marağı azaldacaq - Kredit götürənlərə "ölümcül zərbə" təklifi
Banklar Assosiasiyasın ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb. Təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq. Eyni zamanda, bu halın yeni ipoteka müqavilələrinə daxil edilməsi və kredit götürən şəxsin ödənişi yubatdığı halda öncədən məhkəməsiz öz əmlakını satışına razılıq verməsi də təklif edilir.
Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Ekspertin sözlərinə görə, bunlar heç də proqressiv təkliflər deyil: "Assosiasiyanın bu təklifləri hansı ölkənin və ya ölkələrin təcrübəsinə əsasən hazırladığın müəyyənləşdirmək çətindir. Amma başqa dövlətlərdə məhkəmə qərarı olmadan əmlakın satışa çıxarılması praktikasına çox az rast gəlinir. Bu dəyişikliklərin qəbul edilməsi ipoteka kredit götürüb mənzil alanların ödənişi yubatdığı halda ildən-ilə ödəniş etdiyin evin qısa zamanda satılmasına səbəb ola bilər. Məsələn, vətəndaş ipoteka krediti ilə mənzil alıb, bir neçə il ödəniş edib, amma sonradan ondan asılı olan və ya olmayan səbəblərdən ödənişdə yubanmalar var. Əslində, bu halda banklar əmlakı satışa çıxarmağa deyil, həmin şəxsə ödənişini bərpa üçün daha münasib şərtlər və ya müəyyən zaman təklif etməyə çalışmalıdırlar. Eyni zamanda, əmlakın taleyi məhkəmə qənaətindən sonra icra qərarlarına uyğun həll edilə bilər. Təkliflər isə bu halda bank tərəfindən mənzilin hərraca çıxarlmasına imkanın verilməsini nəzərdə tutur. Digər tərəfdən, bu hal ipotekaya müraciət edənlərin sayının azalmasına səbəb ola bilər. Çünki yeni təkliflər birbaşa bankları üstün mövqeyə çıxarır ki, bu da ipoteka kreditlərinə marağı azalda bilər".
///milli.az