AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kreditlərinizi ödəməyin - Ekspetdən xəbərdarlıq

  • + A
  • - A
  • 9-01-2017, 12:52

    Kreditlərinizi ödəməyin (bankla yazılı razılıq əldə etməyincə!)

    Borclu vətəndaşlarımız tez-tez soruşur: “Dollar kreditim var. Bank dedi ki, köhnə məzənnə ilə ödə, mən də ödədim, amma indi məzənnə fərqini də tələb edir. Nə edim?”

    Həm manat, həm də dollar kreditlərinə dair başqa sual da verirlər:

    “Bir az gecikməm oldu, amma sonra bankla razılaşıb ödəməyə davam etdim və krediti bağladım. Lakin indi bank deyir ki, hələ xeyli borcum qalıb, çünki ödənişlərimin çox hissəsi cərimə kimi tutulub. Bu necə ola bilər?”

    Belə hallar ona görə baş verir ki, insanlarımz sadəlövhcəsinə bankların şifahi vədinə inanır. Heç bankirin sözünə inanmaq olar? Qətiyyən olmaz! Bankla hər hansı razılığa gəlmisinizsə, mütləq onun yazılı şəkildə ifadə edilməsini tələb edin.

    Məsələn, götürək dollar kreditlərini. Bank güzəştə getmək istəmir. Amma bilir ki, sizə bunu desə, ödənişləri dayandıra bilərsiz. Odur ki, yalandan vəd verir ki, sən əvvəlki məzənnə ilə ödə, narahat olma. Siz də ödəyirsiz, amma bank ödənişi yeni məzənnə ilə uçota alır və nəticədə borcunuz nəinki azalmır, bəlkə də artır, çünki bank gecikməni də qeydə alır və cəriməni də yükləyir (bu barədə ətraflı aşağıda əlavə yazacağam). Sonra siz etiraz edəndə, bank deyir ki, aramızda elə razılıq olmayıb, canın çıxsın məzənnə fərqini də, cərimələri də ödə. Böyük ehtimalla heç olmasa üzünə tüpürmək üçün sizə vədi vermiş adamı da tapmayacaqsız: ya işdən çıxıb, ya da başqa bölməyə keçirilib.

    İkinci məsələ də banklarımızın məşhur fırıldaqlarından biridir: gecikdirilmiş borc üzrə ödənişdən ilk növbədə dəbbə pulunun (cərimənin), sonra faizlərin və yalnız yekunda əsas borcun tutulması.

    Məsələn, vətəndaşın banka 5000 manat əsas borcu qalıb. Ayda 250 manat ödəməlidir: 200 manat əsas məbləğ, 50 manat da faiz. Vətəndaş 3 aydır ki, borcunu ödəyə bilmir. Yəni 750 manatı gecikdirir. Həmin borcun 600 manatı əsas borc, 150 manatı isə faiz borcudur. Kredit müqaviləsində yazılıb ki, hər gecikdirilən günə görə bank 1% cərimə tutacaq. Yəni bank ona artıq 450 manat cərimə hesablayıb.

    Vətəndaş qohum-tanışından 750 manat borc götürür və banka ödəyir. Düşünür ki, ödədi. Lakin bank həmin məbləğin 450 manatını cərimə kimi tutur. Qalan 300 manatın 150 manatını faiz borcu kimi tutur. Yalnız 150 manatı əsas borcun ödənilməsi kimi qeyd edir. Nəticədə vətəndaşın əsas borcu 4850 manat olur. Bankın ödəniş qrafikinə görə isə 4400 manat olmalı idi. Buna görə də bank 450 manatı (cərimə kimi tutduğu məbləği!) gecikmə kimi nəzərə alır və həmin məbləğə yenə də cərimə hesablamağa başlayır.

    Əlbəttə, bu gedişlə vətəndaş ömrünün axırına kimi banka borclu qalacaq! Lakin bunu bilmir! Çünki əksər hallarda bank ödənişdən cərimənin tutulduğunu vətəndaşa heç demir də. Vətəndaş hərdən vaxtında, hərdən də gecikdirmə ilə bir təhər ödənişini davam etdirir. Düşünür ki, borcu azalır. Lakin azalmır. Amma bunu gec başa düşür. Onda başa düşür ki, borcun tam və ya xeyli hissəsinin ödənildiyini zənn edir, bank isə ona: “Nə danışırsan, sənin bizə hələ filan qədər borcun qalıb?!” deyir.

    Nə etməli? Əvvəla, onu deyim ki, kredit müqavilələrində borclunun ödənişindən ilk növbədə cərimənin tutulması haqda müddəa qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 440.2-ci maddəsinə əsasən əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əlbəttə ki, əsas borc borclu üçün daha ağır tələbdir, çünki üstünə faiz gəlir. Buna görə də cərimənin ilk növbədə tutulması qanunsuzdur!

    Gecikdirilmiş borcunuzu ödəmək istədikdə, əmin olun ki, ödənişinizdən cərimə tutulmayacaq. Buna görə banka təklif edin ki, ya kredit müqaviləsindən cərimə haqda müddəanı çıxartsın, ya da ödənişlərinizdən cərimənin tutulmayacağı barədə sizinlə yazılı razılaşma bağlasın. Hər ödənişinizdən sonra da bankdan yenilənmiş və bankın imza və möhürü ilə təsdiqlənimiş ödəniş qrafikini tələb edin. Həmin qrafiki yoxlayıb əmin olun ki, ödənişiniz məhz əsas borcun və faizlərin ödənişi kimi nəzərə alınıb. Lap elə indinin özündə də gedin banka və yenilənmiş ödəniş qrafikini tələb edin! İndiyədək etdiyiniz ödənişləri ilkin ödəniş qrafiki ilə tutaşdırın! Sizi əmin edirəm ki, əksəriyyətiniz ciddi fərqlər tapacaqsız. Özünüzü aldatmağa qoymayın!

    Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin! Qoy bank sizi məhkəməyə versin. Sizi əmin edirəm ki, ömrünüzün sonunadək cərimə ödəməkdənsə, işin məhkəmədə baxılması qat-qat yaxşıdır. Əvvəla, ona görə ki, məhkəmədə bankın yol verdiyi qanun pozuntularını mübahisə edə bilərsiz. Məsələn, faizlərin qanuna zidd olaraq ildə bir dəfə deyil, ayda bir dəfər tutulmasını, ödənişlərinizdən ilk növbədə cərimənin tutulmasını və s. Digər tərəfdən isə Mülki Məcəllənin 467-ci maddəsini nəzərə alın: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Yəni məhkəmədə dəbbə pulunun azaldılmasını tələb edə bilərsiz. Əksər hallarda məhkəmələr bu tələbi təmin edir. Lakin dəbbə pulunu artıq ödəmisinizsə, məhkəmə əvvəlki ödənişlərinizi azalda bilməyəcək. Düzdür, ödənişlərinizdən ilk növbədə dəbbə pulunun tutulmasının qanunsuz olduğunu yenə də sübut edə bilərsiz, amma hər halda bu, daha çox səy və vaxt tələb edir.

    Onu da nəzərə alın ki, banklar indi problemli kreditlərin içində batır. Buna görə də kreditini az-çox ödəyən borclu öz iradəsini banka diqtə edə bilər. Bankın onsuz da başqa yolu yoxdur. Ya növbəti və ona baha başa gələn məhkəmə prosesinə başlamalı olacaq və az-çox hansısa ödənişdən məhrum olacaq, ya da heç olmasa müntəzəm olaraq hansısa ödənişi alacaq. Buna görə də haqqınızı tələb edin! Cərimələri silməyincə, sizdən onları tutmadıqlarına əmin olmayınca, kreditləri ödəməyin! İrəli! (faktor.az)

    Əkrəm Həsənov // İqtisadçı ekspert


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR