Bayram ərəfəsi qiymətlər artdı
25%-dən çox qiymət artımı baş verib
Fins.az-ın verdiyi xəbərə görə, bu haqda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib:
“İl boyu əmtəə bazarındakı vəziyyət həm kəmiyyət, həm də keyfiyyət baxımından istehlakçıların zərərinə dəyişib. Hökumətin biznes qurumlarına yaratdığı rahat toxunulmazlıq şəraiti xüsusilə burada öz mənfi rolunu oynayıb. Yəni, prezidentin əhəmiyyətli tapşırığı əslində dövlət orqanları tərəfindən adekvat yerinə yetirilmir. Biznes qurumları üçün toxunulmazlıq şəraiti o demək deyil ki, ölkənin əmtəə bazarı təhlükəli mallarla dolsun və kim nə istəyir gətirib satsın”.
Onun sözlərinə görə, il ərzində istehlakçıların həyatına təhlükə törədən malların ifşası üzrə çoxlu işlər görülüb: “Bu il Azad İstehlakçılar Birliyi sertifikatı olmayan və yoxlamadan keçmədən satılan 700-ə qədər mal və xidmətin siyahısını əldə edib.
Həmçinin AİB sədri vurğulayıb ki, manatın devalvasiya məsələsini, biznes qurumlarının süni qiymət artımlarını, qaz və işığın qiymətlərindəki dəyişiklikləri üst-üstə gəlsək və keçən ilin bugünki vaxtına uyğunluğu analiz etsək, ümumillikdə 25%-dən çox qiymət artımı baş verib.
“Son 20 gündə isə daha ciddi dəyişikliklər olub: ət 30%, kərə yağı 13%, şəkər tozu 13%, düyü 25%, quru meyvələr isə 40-50% bahalaşıb. Qoz, fındıq və quru meyvələrin Novruz bayramı ərəfəsində keçən ilə nisbətən 70%-ə qədər qiymətində qalxma gözlənilir”, — deyə o bildirib.