Bakıda yumurtanın çəki ilə satışına başlandı
Bakıda bəzi mağazalarda yumurtanın kiloqramla satışına başlanılıb.
Bu barədə oxucular Baku.ws-a bildiriblər. Vurğulanıb ki, yumurtanın kiloqramını 2,89 AZN-ə satışa çıxarılıb. Bununla da, yumurtanın ədədi 0,19 AZN təşkil edir.
Mütəxəssislərin fikrincə isə yumurtanın kiloqramla satışı onun qiymətinin artımı ilə nəticələnə bilər. Millət vəkili, Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında bildirib ki, yumurtanın kiloqramla satışına başlanılması alıcıların xəbəri olmadan qiyməti artırmağa xidmət edə bilər. Onun sözlərinə görə, məhsulun kiloqramla satılması yumurtanın qiymətinin artımını dərhal biruzə verməyəcək.
"Azərbaycanda yumurta həmişə ədədlə satılıb. Heç vaxt kiloqramla yumurta satılmayıb. Hazırda bu məhsulun kiloqramla satışına başlanılması sual doğuran məsələlərdəndir. Çünki yumurtanın ədədlə satışı zamanı onun qiymətinin artımını dərhal görmək olur. Lakin kiloqramla satılan zaman qiyməti birdən müəyyən etmək çox çətin olur. Bəzi işbazlar bundan istifadə edərək yumurtanın kiloqramının qiymətini qaldıra bilərlər", - deyə Vahid Əhmədov bildirib.
İqtisadçı ekspert Rəşad Həsənov isə açıqlamasında bildirib ki, istehlak bazarında yumurtanın satışı ilə bağlı fərqli məqamlar var:
"Yumurta ölçülərinə görə kəskin fərqlənən əmtəə növü sayılır. Bəzi hallarda pərakəndə satışla məşğul olan sahibkarlar bundan məharətlə fərqlənərək daha çox pul qazanmağa çalışırlar. Daha kiçik ölçülü yumurtalar baha qiymətə satılır. Əslində yumurtanın kiloqramla satışının təşkil edilməsi yaranmış ziddiyətin aradan qaldırılmasına səbəb ola bilər", - deyə ekspert bildirib.
Rəşad Həsənov deyir ki, əsas diqqət cəlb edən məqam yumurtanın çəki ilə satışı zamanı onun qiyməti olmalıdır: "Məhsula bazara uyğun olmayan qiymətlərin qoyulması uğursuzluqla nəticələnə bilər. Çünki hazırda insanlar seçim imkanına malikdirlər. Belə olan halda istehlakçını aldatmağa çalışa bilərlər".