AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın paytaxtında “möcüzə” Və yaxud ermənisayağı növbəti şou

  • + A
  • - A
  • 2-07-2021, 10:44


    Nurəddin Ədiloğlu yazır:

    Bu günlərdə İrəvan küçələrində Azərbaycan dilində danışan adamlar “möcüzə” effekti yaradıb. Az qala qısa müddət içərisində dünyanın bütün KİV-ləri erməniləri təbrik etməyə başladılar ki, uzun illərdən sonra Ermənistanın paytaxtının küçələrində Azərbaycan dilində danışanlar var. Bu “möcüzəyə” fərqli şəkildə münasibət bildirənlər də olub. Bəzilərinin fikrincə, Vətən müharibəsində Azərbaycanın qələbəsi erməniləri bir sıra xasiyyətlərindən əl çəkməyə məcbur edib. Hətta bu məsələni erməni və azrəbaycanlı icmaların bir araya gəlməsində ilk addım kimi qələmə verənlər də var.

    Yəni artıq azərbaycanlılar heç bir təhlükə hiss etmədən İrəvana nəinki gələ bilərlər, hətta mühafizəçisi olmadan şəhərin gur yerində gəzər və Azərbaycan dilində danışa bilərlər. Sosial şəbəkələrdə bu xəbərin dünyaya yayımlanmasından sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti də bu “möcüzənin” tədqiqi ilə “məşğul olmağa başladılar.” Güya Ermənistan respublikasının ən mühüm idarəsi ölkəyə kimlərin daxil olmasından xəbərsiz idi. Hətta Ermənistan Milli Təhlükəsizlik Xidməti paytaxtda operativ-axtarış tədbirləri həyata keçirdiyini bildirib. Bəs əslində İrəvanda Azərbaycan dilində danışanların peyda olmasının pərdə arxasında hansı sirləri gizlənir?

    Uzun illər Türkiyədə çalışan tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun Ankarada fəaliyyət göstərən Kafkasya Stratejik Araştırmalar Merkezinin (KAFKASSAM) ermənicə, rusca, gürcücə, ingiliscə yayımladığı saytında gündəmdə olan məsələyə “İrəvanda “Azərbaycan dilində danışan insanlar” şousu və açmasına dair” məqaləsində aydınlıq gətirib. Məqalə müəllifi qeyd edir ki, ermənilər dünyanın bütün ölkələrində yaşadıqları halda Ermənistan adlanan ölkədə özlərindən başqa qeyri - millətlərin yaşamaq imkanı yoxdur. “Ermənistan monoetnik ölkədir və siyasətinin əsasında başqa xalqlara qarşı nifrət və irqçilik dayanır... Gəlin “Azərbaycanca danışanların” qatı irqçi

    Ermənistanın paytaxtı olan qədim türk şəhərində olmasının sir pərdəsini qaldırmağa çalışaq.”

    Tarixçi alim oxucuları nigarançılıqdan qurtarmaq üçün qeyd edir ki, İrəvan küçələrində azərbaycanca danışanlara İran-Ermənistan pəncərəsindən baxmaq lazımdır. “1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 olub. Yalnız məscidlər deyil, başqa müsəlman abidələri də sonralar ermənilər tərəfindən dövlət siyasəti olaraq dağıdıldı. Bu siyasətdə məqsəd türk yurdu olan Ermənistanı onun ilk sahiblərinin izindən məhrum etmək idi.”

    Məqalədə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi olduğu bildirilir: “Bu gün Ermənistanda Göy məscid istisna edilərsə müsəlman abidələri tamamilə məhv edilmişdir. Göy məscidin ermənilərin qəzəbindən kənarda qalmasını müəllif belə izah edir ki, adı çəkilən məscid Azərbaycanın qədim tarixi abidəsi olsa da, artıq neçə illərdir ermənilər onu dünyaya İranın mədəniyyət nümunəsi, “fars məscidi” kimi təqdim edirlər. “Göy məscid İran-Ermənistan yaxınlaşmasında mühüm rol oynamışdır. İran Ermənistanın yeganə müsəlman abidəsini - Göy məscidi (Hüseyniyyə) himayə etdi və onun dağıdılmasının qarşısını aldı. 1995-2005-ci illərdə Göy məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.”

    Məhz Göy məscid İrəvan küçələrində peyda olan və “Azərbaycan dilində danışanlar” tapmacasını açmağa aydınlıq gətirir. Artıq neçə illərdir ki, İrandan Göy məscidi ziyarət etmək üçün İrəvana dini turizm təşkil olunur. Turistlər Göy məsciddə namaz qılıb şəhərdə asudə gəzirlər. Azərbaycanın Əməkdar müəllimi H.Sadıqovun fikrincə, İran dini turizm ilə dünyada bir illüziya yaradır. “Guya Ermənistan azərbaycanlıları ölkəsində saxlayır. Onlar sərbəst şəkildə Göy məsciddən istifadə edirlər.”

    Qeyd edək ki, “Kafkassam”da yayımlanan yazılar təkcə qardaş Türkiyədə deyil, ölkəmizdə, eləcə də Rusiyada, Ermənistanda və İranda maraqla izlənilir. Həmçinin Kafkasya Stratejik Araştırmalar Merkezinin

    (KAFKASSAM) İrəvanda, Bakıda, Tbilisidə, Təbrizdə, Moskvada və başqa şəhərlərdə ofisləri fəaliyyət göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR