Baloğlan Əşrəfova görə Elçin Əlibəylini ölümlə hədələyiblər — QALMAQAL
"Space" telekanalında yayımlanan "Onda başladıq" verilişində sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəyli ilə əməkdar artist Baloğlan Əşrəfov arasında gərginlik yaranıb.
E.Əlibəyli B.Əşrəfovun bir müddət öncə Üzeyir Hacıbəyli barədə "O, şərq musiqisinə ziyan vurub" dediyini xatırladıb.
B.Əşrəfov isə bildirib ki, aparıcının söylədikləri həqiqəti əks etdirmir:
"Danışığınıza fikir verin. Məni səhv anlayıblar. Şərq aləmində Üzeyir bəydən böyük bəstəkar olmayıb. Mənə irad tutdular ki, oxumağında Şərq koloriti var. Dedim ki, Üzeyir bəyin yazdığı əsərlərdə də o kolorit olub. Üzeyir bəyi yazdığı mahnılara görə Peterburqa çağırırlar. Deyirlər, sənin yazdıqlarından Şərq iyi gəlir. Deyirlər ki, get, səni Sibirə göndərmirik. Get, yazdıqlarına bir az düzəliş et. O da tarın pərdələrindən artıq şeyləri sökür. Ondan sonra Peterburqdakı rəhbərliyin istədiyi formada əsərlər yazır. Yeri gəlmişkən, deyim ki, həmin verilişdən sonra Elçin bəy mənə zəng vurub üzr istədi".
E.Əlibəyli isə qeyd edib ki, məhz sözügedən verilişdən sonra bir nəfər zəng vuraraq onu ölümlə hədələyib:
"Həmin nömrəni hələ də saxlayıram. Ancaq mən sizdən üzr istəməmişəm".
Qeyd edək ki, Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" həftə içi saat 10-da yayımlanır. Verilişin informasiya dəstəkçisi "Ölkə.Az" saytıdır.