Şəkər və dadlandırıcı əlavə edilməmiş adi qazlı suyun hər gün qəbul edilməsi əksər sağlam insanlar üçün təhlükəli hesab olunmur. Həkim-hematoloqun sözlərinə görə, karbon qazının özü suyu zərərli etmir.
Bununla belə, qazlı su bəzi insanlarda qarında köp, gəyirmə və mədədə şişkinlik hissini artıra bilər. Xüsusilə suyun sürətlə və çox miqdarda içilməsi bu narahatlığı gücləndirə bilər. Reflüksə meyilli insanlarda isə qaz mədənin həcmini artıraraq xoşagəlməz simptomları və gəyirməni tətikləyə bilər.
Həkim adi qazlı su ilə mineral suyu fərqləndirməyin vacib olduğunu da vurğulayıb. Mineral suların tərkibində müxtəlif duzlar və minerallar, bəzən isə yüksək konsentrasiyada minerallar ola bilər. Buna görə müalicəvi və müalicəvi-süfrə mineral sularını həkim məsləhəti olmadan davamlı içmək tövsiyə edilmir.
Qazlı suyun dişlərə təsirinə gəlincə, karbon qazı su ilə reaksiyaya girərək zəif karbon turşusu əmələ gətirir və beləliklə qazlı su qazsız sudan bir qədər turş olur. Lakin şəkərsiz adi qazlı sudakı bu təsir şəkərli və turşulu qazlı içkilərlə müqayisədə xeyli zəifdir. Buna görə adi qazlı suyu diş minasına ciddi təhlükə hesab etmək düzgün deyil.
Əsas risk suyun tərkibinə əlavə olunan şəkər, siroplar, turşular və digər əlavələrlə bağlıdır. Belə içkilər dişlər, çəki və maddələr mübadiləsi baxımından daha çox problem yarada bilər.
Şəkərsiz və əlavəsiz adi qazlı su sağlam insanların əksəriyyəti üçün gündəlik istifadədə zərərli vərdiş sayılmır. Lakin içdikdən sonra köp, reflüks və digər narahatlıqlar mütəmadi şəkildə artırsa, qəbulunu azaltmaq daha məqsədəuyğundur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.