Acı yeməkləri nə zaman yeməli?
Mütəxəssislər isti havada orqanizmin sərinlənməsi, maddələr mübadiləsinin təxminən 20 faiz sürətlənməsi, qazanılan isti hesabına kalori sərfi və immun sisteminin möhkəmlənməsi üçün acı qidalar yeməyi məsləhət görürlər. Çili bibəri kimi acı ərzağın tərkibində kapsaitsin birləşməsi var.
Kapsaitsin ağız boşluğunda TRPV1 reseptorları ilə birləşir. Bu reseptorlar havanın hərarətinin təhlükəli dərəcədə yüksəlməsi barədə beyinə xəbərdarlıq siqnalları ötürür. Yəni bunlar kapsaitsinin meydana çıxması üçün nəzərdə tutulmayıb. Bu reseptorlar insanı yanğın təhlükəsindən qoruyur. Bədən acı birləşmə ilə təmasda olarkən avtomatik özünü soyutmağa başlayır: tərləyir, qanı üzdəki kapillyarlara qovur, gözləri sulandırır. Kapsaitsin dadbilmə reseptorlarına öz təsirini göstərə bilmir.
Xoşagəlməz hisslərə baxmayaraq, bəzi insanlar acı qidadan sonra hətta eyforiya yaşayırlar. Belə ki, kapsaitsin endorfinlərin (ağrıların qarşısını alır və xoşbəxtlik hissi əmələ gətirir) və dofaminin (insan beynindəki mükafat sisteminin fəaliyyəti üçün vacibdir) ayrılmasına şərait yaradır. Düzdür, vaxt ötdükcə insanın acı qidaya həssaslığı azalmağa başlayır.
Yeri gəlmişkən, kapsaitsin iştahanı azaltmağa qadirdir. Tədqiqatlar göstərir ki, naharda qəlyanaltıya acı sous əlavə olunan zaman könüllülər həmişəkindən təxminən 200 kalori daha az qida qəbul ediblər. Kapsaitsinin əsas mənbəyi sayılan acı bibərin tərkibində A və C vitaminləri var ki, bunlar da immunitetin möhkəmlənməsinə şərait yaradırlar. Acı ərzaqlar ibuprofendə olduğu kimi, mikrob və iltihabəleyhinə təsirə də malikdir.