“Təzəpir” məscidi ətrafında tarixi abidə tapıldı — FOTO
Bakıdakı “Təzəpir” məscidi ətrafında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqları ortaya çıxıb.
Virtualaz.org xəbər verir ki, qədim tikilinin qalıqları ekskavatorların tırtılları altında qalaraq dağılıb.
Həmin qazıntı işləri “Təzəpir” məscidinin düz arxasında, Mustafa Sübhi küçəsində, məscidin böyüdülməsi layihəsi çərçivəsində aparılır. Tikinti işlərinin sifarişçisi Qafqaz Müsəlmanları İdarəsidir, iş icraçısı isə “Archico” MMC adlı şirkətdir.
Layihəyə əsasən məscidə əlavə iki minarə, kitabxana və qazanxana binaları tikiləcək, habelə ətrafı hasarlanacaq. Hazırda tikintiyə başlamaq üçün podratçı şirkət özül qazma işləri həyata keçirir. Özül qazılarkən yerin altından qədim hamamın qalıqları çıxıb, amma onun qorunması üçün heç bir tədbir görülməyib və qazıntı işləri davam etməkdədir.
Məsələ ilə bağlı “Təzəpir” məscidinin nümayəndəsi Məhəmməd Qasımov deyib ki, həmin hamam tarixi abidə deyil. O bildirib ki, nisbətən təzə hamamdır, sovet dövründə tikilib.
Məscid nümayəndəsi sovet dövründə tikilmiş hamamın hansı səbəbdən hazırda yerin altından çıxması ilə bağlı sualı isə cavablandırmayıb.