AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MM əməyin təhlükəsizliyi ilə bağlı Konvensiyanı ratifikasiya edib

  • + A
  • - A
  • Bu gün, 15:19

    MM əməyin təhlükəsizliyi ilə bağlı Konvensiyanı ratifikasiya edib

    Milli Məclis Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasını ratifikasiya edib.

    Bununla bağlı qanun layihəsi parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

    Qeyd edilib ki, konvensiyaya əsasən, hər bir üzv dövlət milli siyasətini formalaşdırmaqla təhlükəsiz və sağlam istehsalat mühitini təşviq etməlidir. Dövlətlər işçilərin təhlükəsiz və sağlam istehsalat mühiti hüququnu bütün müvafiq səviyyələrdə təşviq və inkişaf etdirirlər.

    Sənəddə qeyd edilib ki, konvensiyaya üzv olan dövlətlər milli siyasətini hazırlayarkən milli şərait və təcrübə nəzərə alınmaqla, eləcə də işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında peşə risklərinin və ya təhlükələrinin qiymətləndirilməsi, peşə riskləri və ya təhlükələri ilə onların baş vermə mənbəyində mübarizə, məlumatlandırma, məsləhət və təlimlər daxil olmaqla əməyin təhlükəsizliyi və gigiyenası sahəsində milli profilaktik mədəniyyətin inkişaf etdirilməsi kimi təməl prinsipləri təşviq edirlər.

    Bundan əlavə, üzv olan dövlətlər işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi və gigiyenasına dair milli sistem yaradır, saxlanılmasını təmin edir, tədricən inkişaf etdirir və vaxtaşırı nəzərdən keçirirlər.

    Dövlətlər işəgötürənlərin və işçilərin en çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi və gigiyenasına dair milli proqramı işləyib hazırlamalı, həyata keçirib, monitorinq etməli, qiymətləndirərək, dövri şəkildə nəzərdən keçirməlidirlər.

    Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR