AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağın Zəfər dastanları

  • + A
  • - A
  • 17-09-2021, 11:38


    Düşmən işğalından azad edilən yurd yerlərimizin qaynar günləri davam edir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qüdrətinin, ordumuzun möhtəşəm qələbəsinin davamı olaraq dövlətimizin başçısı tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma, bərpa işlərinə ilin əvvəlindən start verildi. Erməni vandalları o doğma yerləri 30 il ərzində viran qoysalar da, reallaşdırılan infrastruktur layihələri hesabına Qarabağın gündən - günə gözümüzün önündə canlanmasının şahidi oluruq.

    ...İndi zaman bizim doğma Azərbaycanımızın xeyrinə işləyir. Ədəbiyyatımız, incəsənətimiz, kinematoqrafiyamız Qarabağlı günlərin ab-havası ilə nəfəs alıb, yaşayır. Yazıçılar, şairlər qələmə aldıqları əsərlərdə "Dəmir yumruq" əməliyyatını Azərbaycan xalqının iradəsinin ifadəsi kimi qiymətləndirir, oxuculara erməni vandalizmini qeyri-insani kinin, faşist ideologiyasının əlaməti kimi təqdim edirlər. Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə çap olunan "Qarabağ dastanı" (30 ilin həsrəti- 44 günün Zəfəri) kitabı da təntənəli zəfər ədəbiyyatımızın, qalib ruhlu nəşrlərimizin xoşqədəmli başlanğıcıdır. Kitab AYB-nin sədri, Xalq yazıçısı Anarın ideyası ilə ərsəyə gəlib. Kitabda toplanan yazılarla tanış olduqca görkəmli qələm sahiblərimizin həsrətinin yekunu, böyük zəfərin sevinci, illərdir nisgilin qıfılladığı şirin xatirələrin bədii təcəssümünün şahidi oluruq.
    Kitabın “Qarabağ: dostlar və düşmənlər" adlı bölməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər günündə keçirilən paraddakı çıxışlarından hissələrlə başlayır. Bu hissədə Türk dünyası yazarlarının Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair bəyanatı da yer alıb. Türkiyə Yazarlar Birliyinin başqanı Musa Kazım Arıcan, Türkiyə Ədəbiyyatı Vəqfi İdarə Heyətinin başqanı Sərhat Kabaklı və "Türk Ədəbiyyatı"dərgisinin baş redaktoru Bəxtiyar Aslanın Xalq yazıçısı Anara ünvanladıqları məktublar da oxucuların nəzərinə çatdırılıb.
    Qarabağın Zəfər dastanları

    Xalq şairi Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poemasının isə bu kitabda toplanan bədii nümunələr içərisində xüsusi yeri var. Qalibiyyətdən sonra yazılmış ilk iri həcmli lirik poemadır. Sabir müəllim bu poema ilə tarixə nəzər salaraq xalqımızın mücadiləsini təqdir edir. Eləcə də Xalq şairinin “Biz qayıtmışıq" adlı yazısı da oxucularda çox güclü təsir oyadır.
    Qarabağ mövzusunda müxtəlif illərdə yazılmış şeirlər, epik əsərlər "Qarabağ dastanı"na xüsusi rəng qatır. Xalq yazıçısı Çingiz Abdullayevin "Zori Balayanın Vladimir Putinə ünvanlanmış açıq məktubuna aid qeydlər" adlı yazısında isə ermənilərin uzun illərdən bəri məntiqsiz- mahiyyətsiz ədavəti və bunun absurd səbəbləri barədə fikirlər öz əskini tapıb.
    Tarixi Qələbəmizdən sonra paytaxtda və bölgələrimizdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş qısa və tammetrajlı sənədli filmlər çəkilir, sərgilər təşkil olunur. Xalq teatrlarında Qələbəmizə həsr olunmuş virtual tamaşa-kompozisiyalar nümayiş etdirilir.
    Azərbaycan Televiziyasının istehsalı olan “Beşatılan” filmi isə ölkəmizin ilk zəfər filmidir. Həyəcanlı döyüş epizodları ilə zəngin olan filmin baş məsləhətçisi Qənirə Paşayeva, quruluşçu rejissoru Elçin Məmiyevdir. Tanınmış aktyor və kinorejissor Elçin Məmiyev "Yanmış körpülər", "Oyunçu", "Susmuş vicdan", "Sevginin göz yaşları", "Boyunbağı" teleseriallarında quruluşçu rejissor və baş rolların ifaçısı olmaqla yanaşı, həm də bir çox filmlərin ssenari müəlliflərindən biridir. O, dəfələrlə gənclər arasında vətənpərvərlik dəyərlərinin təbliğindəki fəaliyyətinə görə mükafatlandırılıb. “Beşatılan” filminın quruluşçu rejissoru və Aqşin rolunu ifa edən E. Məmiyevdən aldığımız məlumata görə, filmin bəzi döyüş səhnələri Tərtərin Suqovuşan kəndində çəkilib. Filmdə döyüş təcrübəsi olan 5 dost Vətən müharibəsinə gedir və Şuşa uğrunda vuruşurlar. Bu dostlar şimallı, cənublu, şərqli, qərbli, bir də bakılı komandir (düşünən beyin) birlikdə “Beşatılan” deməkdir - bütöv Azərbaycan deməkdir. “Beşatılan”ın həm də simvolik mənası var. Bu, bizim keçmişimizin əks-sədası, həm də qisasıdır.
    Düşmən üzərində tarixi Qələbəmizə həsr olunan “Beşatılan” ikiseriyalı bədii filmi ilk dəfə qarşıdan gələn Anım Günü -27 sentyabr ərəfəsində və sonra televiziyada yayımlanacaq.
    Azərbaycanın qalibiyyətdən doğan Zəfər dastanları bu gün bizi maqnit kimi özünə çəkən Qarabağın görməli, gəzməli yerləri qədər çoxdur. Qarabağlı şair Əbülfət Mədətoğlunun Şuşa şəhərində təşkil olunan Vaqif Poeziya Günlərində qələmə aldığı şeir isə müqəddəs dua kimi səslənir:

    Allahım, bu ünvan sənin də evin
    Mənim də Kəbəmdi Şuşa adında.
    Allahım, mənim tək sən də bax, sevin –
    Qalsın Kəbə Şuşa sənin yadında!..

    Allah Şuşanın havasını, suyunu dadmağı hamımıza nəsib etsin.
    Amin.

    Nurəddin Muğanlı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR