AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: “Laçının işğaldan azad olması döyüş meydanında qazandığımız parlaq qələbələrin diplomatik yolla davamı oldu”

  • + A
  • - A
  • 1-12-2020, 19:56

    Məşhur Məmmədov: “Laçının işğaldan azad olması döyüş meydanında qazandığımız parlaq qələbələrin diplomatik yolla davamı oldu”

    Bu gün Azərbaycan tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazılan növbəti tarixi günlərdən biridir. İmzalanmış 3 tərəfli müqaviləyə əsasən dekabrın 1-də Laçın rayonu işğaldan azad olundu. Bu, cənab İlham Əliyevin həm Ali Baş Komandan, həm də ölkə Prezidenti kimi peşəkar diplomatiyası nəticəsində və rəşadətli ordumuzun 44 günlük Vətən Müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamıdır.

    Bunu Azadmedia.az saytına Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

    Deputat bildirib ki, Vətən müharibəsində illərdir hazırlanan peşəkar hərbçilərin, orduya qatılan vətənpərvər əsgər və zabitlərin, könüllülərin işğalçı ölkə ordusuna vurduğu sarsıdıcı, dəqiq zərbələr, döyüş meydanında əldə edilmiş zəfər bu gözəl nəticəyə gətirib çıxardı: “Bildiyimiz kimi noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli birgə bəyanatın çərtlərinə görə Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməli idi. Şükürlər olsun ki, hər üç rayon artıq Azərbaycan ordusunun nəzarəti altındadır. Bu, döyüş meydanında qazandığımız parlaq qələbələrin diplomatik yolla davamı oldu”.
    M.Məmmədov 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin yeni reallıqlar yaratdığını da bildirib:
    “Bu gün gözlənildiyi kimi Prezident İlham Əliyev xalqa müraciət etdi. Cənab Prezidentin bugünkü xalqa müraciətində bəyan etdiyi kimi, ötən illər ərzində gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm xaricdə, həm ölkə daxilində. Bu illər ərzində ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda da təcrübə və güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq”.
    Təəssüf ki, ölkəmizin gücü, ordumuzun qüdrəti çoxlarını pəjmürdə etdi, dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi qəmə qərq etdi. Çünki cənab Prezidentin qətiyyəti və iradəsi ilə artıq burada yeni təhlükəsizlik formatı yaranıb, status-kvo ləğv olunub. Təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Prezidentin qeyd etdiyi kimi, heç kim bizim işimizə, əldə edilmiş razılaşmaya müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir.
    Doğrudur, cənab Prezidentin bəyan etdiyi kimi bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı Azərbaycan yaratdı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik və beynəlxalq hüquq praktikasında, o cümlədən bölgəmizdə yeni reallıq yaratdıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik və işğala son qoyduq. Bir sözlə, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik.
    Millət vəkili açıqlamasında onu da bildirib ki, azad edilmiş bölgələrin, o cümlədən Laçın rayonunun iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Bu da bir daha rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün əsas səbəblərdəndir. Laçın rayonunun bir sıra gəlirgətirən qeyri-neft sahələri var. İşğaldan əvvəl əməkqabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bütün bu göstəricilər yerli fermerlər üçün əlavə imkanlar yaradır. Bundan başqa, Laçın rayonu ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Qeyri-neft sektoruna diqqət ayrıldığı bir vaxtda bütün bu istiqamətlər gələcəkdə Qarabağın inkişafında Laçının dəstəkləyici faktora çevrilməyinə səbəb olacaq.
    Məşhur Məmmədov sonda qeyd etdi ki, Laçın dəhlizinin Laçın şəhərindən keçmə səbəbilə, əlavə yolun çəkilməsi üçün 3 il nəzərdə tutulsa da, cənab Prezidentin bugünkü müraciətində qeyd etdiyi kimi, imkan dairəsində yolun tez çəkilib başa çatdırılmasına səy göstəriləcək.
    Odur ki, səbrli olmalı, prosesləri soyuq başla izləməliyik. Prezidentin qeyd etdiyi kimi, hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Cənab Prezident nəyi nə zaman etməyi çox yaxşı bilir. Biz təxribatlara uymamalı, qələbələrimizi qeyd edib qələbə paradına hazırlaşmalıyıq.
    Çünki Prezidentin arxasında yumruq kimi birləşən xalqımız və bizi zəfər qələbəsi şərəfinə nail edən müzəffər ordumuz bu Qələbə Paradını haqq edir.
    Açıqlamasının sonunda millət vəkili bir daha Vətən Müharibəsində şəhid olanlara Allahdan rəhmət, yaralılara can sağlığı arzuladı, bir daha xalqı Laçının işğaldan azad olunması münasibəti ilə təbrik etdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR