Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) 11-ci konfransında təsis edilib.
Muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etmək məqsədilə təsis olunmuş əlamətdar gün İCOM-un təşəbbüsü ilə hər il müəyyən deviz altında qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” devizi altında keçirilir.
Bu əlamətdar gün münasibətilə ölkəmizdə eləcə də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən silsilə tədbirlər həyata keçirilir.
Belə ki, İdarə Beynəlxalq Muzeylər Günü münasibəti ilə bütün dünyada olduğu kimi İçərişəhər ərazisində və Qala qoruğunda muzeylərdə “Açıq qapı günü” elan edir. Hər kəs Qız Qalasını, Şirvanşahlar Sarayı Kompleksini, Tahir Salahovun Ev-muzeyini, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzini, Yeraltı Hamamı, Bakı Fotoqrafiya Evini, habelə Qala Qoruğunda yerləşən Əntiq Əşyalar Muzeyini, Arxeoloji və Etnoqrafik Muzey Kompleksini və Qala Qəsrini ziyarət edə biləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.