Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunan xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün beynəlxalq aləm tərəfindən dəstəklənməsi dünya dövlətlərinin Azərbaycana olan böyük etimadının, həmçinin onun lideri İlham Əliyevə olan münasibətinin göstəricisidir.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Cavanşir Paşazadə deyib.
Millət vəkilinin sözlərinə görə, koronavirus pandemiyasının başladığı vaxtdan Prezident İlham Əliyevin rəhbərliyi altında təkcə ölkə daxilində deyil, həmçinin regional və qlobal səviyyədə epidemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülüb və əməli addımlar atılıb.
“Azərbaycan bu məqsədlə ÜST-lə sıx əməkdaşlıq edib. Beynəlxalq səviyyədə koronavirus pandemiyasına qarşı effektiv mübarizənin təşkili məqsədi ilə Azərbaycan 5 milyon dollar, növbəti mərhələdə də daha 5 milyon dollar həcmində təşkilata yardım edib. İndiyədək Azərbaycan 30-dək ölkəyə yardım edib. Lakin Azərbaycan Prezidenti beynəlxalq aləmin koronavirus pandemiyasına qarşı mübarizəsinin effektiv olmadığını görərək, bu epidemiyanın insanların sağlamlığını ciddi təhlükə altına atmaqla yanaşı, uzun müddət sarsıdıcı səviyyədə qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratdığından COVİD-19-a qarşı qlobal həmrəyliyin, əməkdaşlığın yaradılması istiqamətində konkret addımlar ataraq təşəbbüslərlə çıxış etdı. Hansı ki, belə bir təşəbbüslə BMT və digər beynəlxalq təşkilatlar çıxış edərək dünyanın diqqətini belə bir ciddi problemin həllinə yönəltməli idi. Təəssüf ki, nə böyük dövlətlər, nə də beynəlxalq təşkilatlar qlobal liderlik gözləntisinə zamanında reaksiya vermədi. Daha çox özünütəcrid və ya milli eqoizm xarakteri daşıyan təkbaşına hərəkət yolunu seçdilər. BMT TŞ üzvü olan ölkələr arasındakı eqoizm və fikir ayrılığı nəticəsində Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması mümkün olmadı. Hətta BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı. Ancaq Azərbaycan Prezidenti həmin ölkələrdən və beynəlxalq təşkilatlardan fərqli olaraq qlobal pandemiyanın yarada biləcəyi təhlükənin hansı fəsadlara səbəb olacağını gördüyündən yorulmadan bu istiqamətdə aktiv fəaliyyət göstərdi. İlk olaraq Azərbaycan regional əməkdaşlığın formalaşdırılması məqsədi ilə aprelin 10-da Türk Şurasının Zirvə görüşünü təşkil etdi. Bunun ardınca isə mayın 4-də sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirməyə nail oldu. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Qoşulmama Hərəkatı ilə bağlı xüsusi diqqət çəkən məqam ondan ibarət idi ki, Zirvə toplantısında Avropa ittifaqının yüksək çinli təmsilçisi ilk dəfə iştirak etməklə yanaşı, çıxış etdi. Zirvə toplantısı həm iştirakçı ölkələr sayı baxımından, həm digər beynəlxalq təşkilatların diqqətini çəkməsi, həm də qəbul edilən sənədlər baxımından çox uğurla keçdi. Bu, bir daha Prezident İlham Əliyevin dünya səviyyəli bir lider olduğunu ortaya qoydu. Çünki Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ən iri siyasi beynəlxalq təşkilatı hesab olunur. Zirvə görüşündə Azərbaycan Prezidentinin çıxışı və irəli sürdüyü təkliflər dünya ölkələri tərəfindən yüksək dəyərləndirilərək, dəstəkləndi. Prezident cənab İlham Əliyev elə həmin toplantıda koronavirusa qarşı daha effektiv qlobal mübarizəni təşkil etmək üçün BMT Baş Assambleyasının xüsusi iclasının çarğılması təklifi ilə çıxış etdi. Təklif elə Qoşulmama Hərəkatının Zirvə görüşündə böyük marağa səbəb olmaqla yanaşı, beynəlxalq dəstək qazanmış oldu. Odur ki, Zirvə görüşündən keçən qısa müddət ərzində dünyanın 130-dək ölkəsi Azərbaycanın dünyamsəviyyəli lideri İlham Əliyevin irəli sürdüyü təşəbbüsü dəstəklədi" - deyə, C. Paşazadə deyib.
Millət vəkili əlavə edib ki, bu da Prezident İlham Əliyevin dünya liderliyi qabliyyətindən irəli gələn bir məsələdir: “Çünki cənab İlham Əliyev indyədək dəfələrlə təkcə təşəbbüslə çıxış etməyib, eyni zamanda bu təşəbbüslərin həyatda keçməsi istiqamətində real addımlar atıb. Məhz bu gün də həmin fəaliyyətin nəticəsi olaraq Azərbaycan Prezidentinin bu təşəbbüsü dünya dövlətləri tərəfindən dəstəklənib. 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü növbəti dəfə rüsvay etmiş oldu. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı, işğalçı mahiyyətinin şahidi oldu.
Çox güman ki, yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Ümid edirik ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi eyni zamanda təşkilata üzv olmayan, BMT-yə üzv digər bütün ölkələrin ümumi məsələsinə çevrildiyini göstərir.
Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir”.